Siciliyada Antonello da Messinanın əsərlərini oğurlayanların istifadə etdiyi ehtimal olunan furqon aşkarlanıb
Bakı, 18 avqust, AZƏRTAC
İntibah dövrünün ustası Antonello da Messinanın (təxminən 1429–1479) Messina şəhərindəki muzeydən oğurlanmış əsərləri ilə bağlı araşdırma aparan detektivlər qarətçilərin istifadə etdiyi ehtimal olunan furqonu aşkarlayıblar.
AZƏRTAC xəbər verir ki, “Corriere della Sera” qəzetinin yazdığına görə, nəqliyyat vasitəsi şəhərin kənarında, videomüşahidə kameralarından uzaqda, kimsəsiz ərazidə tərk edilmiş vəziyyətdə tapılıb.
Təhqiqatı incəsənət sahəsində cinayətlərlə mübarizə üzrə ixtisaslaşmış karabinerlərin xüsusi bölməsi aparır. Müstəntiqlər hesab edirlər ki, cinayətkarlar daha sonra başqa avtomobilə keçiblər.
Oğurluq avqustun 15-də axşam saatlarında Siciliyanın məşhur rəssamının əsərlərinin nümayiş etdirildiyi Messina Regional Muzeyində baş verib. Söhbət dörd paneldən - San-Qreqorio poliptixinin beş panelindən üçünün, habelə Məryəm və Məsihin təsvirləri olan ikitərəfli panelin oğurlanmasından gedir. Məlum olub ki, cinayətkarlar muzeydən poliptixin beş panelinin hamısını çıxarıblar, lakin ikisini hasarın yanında qoyublar. Oğurlanan əsərlərin dəyəri açıqlanmayıb.
Məşhur incəsənət tarixçisi Vittorio Sqarbi hesab edir ki, oğurluğu diletantlar törədib və onlar belə məşhur əsərləri heç vaxt sata bilməyəcəklər. Digərləri isə oğurluğun “sifarişlə” həyata keçirildiyi versiyasına üstünlük verirlər.
Siciliyanın bütün liman və aeroportlarında nəzarət gücləndirilib.