Məşhur ifaçıların albomları ilə ABŞ-də yol-nəqliyyat hadisələri arasındakı əlaqə araşdırılıb
Bakı, 18 avqust, AZƏRTAC
Harvard Tibb Məktəbinin alimləri məşhur ifaçıların albomlarının buraxılışı ilə ABŞ-də yol-nəqliyyat hadisələrinin sayının artması arasında əlaqə olduğunu müəyyən ediblər. Bu barədə Britaniyanın “The Times” qəzeti məlumat yayıb.
AZƏRTAC xəbər verir ki, hadisə barədə məlumatların təhlilinə görə, albomların buraxıldığı günlərdə musiqinin internet üzərindən dinlənilməsi – smartfon istifadəsinin göstəricisi təxminən 40 faiz artır. Həmin günlərdə ABŞ-də yol-nəqliyyat hadisələri nəticəsində ölüm hallarının sayı da təxminən 15 faiz yüksəlir.
Alimlər bir neçə məşhur ifaçının albomlarının dinlənilmə sayını araşdıraraq əldə olunan məlumatları ABŞ-də ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı hesabatlarla müqayisə ediblər. Müəyyən olunub ki, ABŞ pop müğənnisi Teylor Svift, kanadalı repçi Dreyk, ABŞ rep ifaçıları Kendrik Lamar və Kanye Uest, həmçinin britaniyalı müğənni və aktyor Harri Staylsın yeni albomlarının işıq üzü gördüyü günlərdə ucadan səsləndirilən musiqi səbəbindən sürücülərin diqqətinin daha çox yayınması və qəzalara düşməsi halları artıb.
Tədqiqat müəlliflərinin sözlərinə görə, bu statistika birbaşa yol hərəkəti qaydalarının pozulması ilə əlaqəlidir. Bunun səbəbi albomların buraxılması deyil, sükan arxasında musiqi dinləməyə tamamilə aludə olan və ya smartfondan istifadə edən insanların yola diqqət yetirməməsidir.