Bakıda İndoneziyanın müstəqilliyinin 81-ci ildönümünü qeyd edilib
Bakı, 17 avqust, AZƏRTAC
İndoneziyanın Bakıdakı səfirliyi İndoneziya Respublikasının Müstəqilliyinin 81-ci ildönümü münasibətilə silsilə tədbirlər təşkil edib.
AZƏRTAC xəbər verir ki, “Suveren, Ədalətli və Rifah İçində İndoneziya” şüarı ilə keçirilən tədbirlər İndoneziya icması arasında həmrəyliyin möhkəmləndirilməsinə, Azərbaycan-İndoneziya münasibətlərinin inkişafına xidmət edib.
Avqustun 17-də səfirliyin ərazisində İndoneziyanın Dövlət Bayrağının qaldırılması mərasimi keçirilib. İndoneziyanın ölkəmizdəki səfiri Berlian Helmi mərasimə sədrlik edib. Azərbaycanda təhsil alan indoneziyalı tələbələr də bayraqqaldırma qrupunda iştirak ediblər.
Mərasim bir dəqiqəlik sükutla başlayıb, daha sonra İndoneziyanın Müstəqillik Bəyannaməsi, Pancasila və 1945-ci il Konstitusiyasının Preambulası oxunub. Birgə duadan sonra Müstəqillik Günü tortu kəsilib.
Bundan əvvəl, avqustun 15-də səfirlik böyüklər və uşaqlar üçün ənənəvi İndoneziya oyunlarından ibarət yarışlar təşkil edib. Yarışların qalibləri bayraqqaldırma mərasimindən sonra mükafatlandırılıblar.
Tədbirlər ənənəvi İndoneziya mətbəxinin təqdim olunduğu qəbul mərasimi ilə yekunlaşıb.