Arif Əsədov: Zubirin gedişi “Qarabağ”a müvəqqəti çətinlik yaradacaq
Bakı, 17 avqust, AZƏRTAC
Zubirin gedişi “Qarabağ” üçün müvəqqəti çətinlik yaratsa da, klub öz yoluna davam edəcək.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan millisinin sabiq baş məşqçisi Arif Əsədov "Qarabağ”la yollarını ayıran Abdullah Zubir barədə danışarkən deyib.
Mütəxəssis fransalı yarımmüdafiəçinin Ağdam təmsilçisindəki çıxışını və gedişini dəyərləndirib: “Futbolçu daim bir yerdə qala bilmir. Zubirin “Qarabağ”a böyük faydası oldu. 8 ilə yaxın bu komandada çıxış etdi və klubla birgə çox gözəl nəticələr əldə etdi. Qurban Qurbanovun kapitanlıq sarğısını ona həvalə etməsi də Zubirə həm oyunçu, həm də təcrübəli şəxs kimi inamın böyük olmasından xəbər verirdi. Lakin yaş faktorunu da nəzərə almaq lazımdır. Yaxşı bir təklif gələndə futbolçu istər-istəməz gələcəyini və perspektivini düşünür. Şübhəsiz ki, tərəflərin qarşılıqlı razılığı ilə ayrılığın baş tutması həm klub, həm də oyunçu arasındakı yüksək münasibətlərin göstəricisidir”.
Onun sözlərinə görə, Zubirin gedişi indiki durumda “Qarabağ”a müəyyən mənfi təsir göstərə bilər: “Çünki son matçda da gördük ki, onun texniki həmlələri və kreativliyi hələ də göz önündədir. Amma bu, futboldur. Burada heyətlərin dəyişməsi normal prosesdir. Oyunçulardan asılı olmayaraq, “Qarabağ” həmişə öz yoluna davam edəcək. Zamanla komanda müəyyən çətinlik çəksə də, düşünürəm ki, onun yerini dolduracaq futbolçular tezliklə özlərini göstərib kluba xeyir verəcəklər. Abdullah Zubirə gələcək karyerasında uğurlar arzulayıram”.
Qeyd edək ki, Zubir 2018-ci ildən bəri çıxış etdiyi "köhlən atlar"ın heyətində 368 matçda 78 qol vurub. O, komandanın heyətində 6 dəfə Azərbaycan çempionu, 2 dəfə ölkə kubokunun qalibi olub.