“Maarifçi”lər arasında keçirilən intellektual oyunun qalibi məlum olub
Bakı, 17 avqust, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin təşəbbüsü, Təhsilin İnkişafı Fondunun dəstəyi ilə həyata keçirilən IV “Maarifçi” tələbə-məzun proqramı çərçivəsində iştirakçılar arasında “Nə? Harada? Nə zaman?” formatında intellektual oyun keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, oyunun məqsədi “Maarifçi”lərin asudə vaxtının səmərəli təşkil edilməsi, şəxsi və peşəkar inkişafının dəstəklənməsi, komanda ruhunun gücləndirilməsi və iştirakçılar arasında yeni əlaqələrin qurulması olub. Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində keçirilən yarışda iştirakçılar 6 komandaya bölünüb. “Murov”, “Aypara”, “Rəşadət”, “İstiqlal”, “Füyuzat” və “Çələbi” komandaları müxtəlif mövzuları əhatə edən suallar üzrə bilik və məntiq bacarıqlarını sınayıblar.
Yarışda iştirakçılar biliklərini nümayiş etdirməklə yanaşı, komanda işi, çevik düşünmə, məntiqi təhlil və qərarvermə bacarıqlarını da inkişaf etdiriblər. Yarışın sonunda qalib komanda müəyyənləşdirilib. Qalib komandaya diplom, fərqlənən iştirakçılara isə “Ən yaxşı komanda oyunu göstərən”, “Ən hazırcavab” və “Ən pozitiv” nominasiyaları üzrə sertifikatlar təqdim olunub.
Qeyd edək ki, “Maarifçi” tələbə-məzun proqramının əsas məqsədi gənclərin dövlət idarəçiliyi sahəsində praktiki bilik və bacarıqlarının artırılması, peşəkar inkişafının dəstəklənməsi və gələcək karyera imkanlarının genişləndirilməsidir. Proqram çərçivəsində seçilmiş 53 iştirakçı Elm və Təhsil Nazirliyinin struktur bölmələri və tabeli qurumlarında, regional təhsil idarələrində, həmçinin Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyində təcrübə keçirlər.