İsveçdə meteoroloq çatışmazlığı yaranıb - işə təqaüdçülər cəlb olunur
Stokholm, 17 avqust, AZƏRTAC
İsveçdə meteoroloqların ciddi çatışmazlığı müşahidə olunur. Həm İsveç Meteorologiya və Hidrologiya İnstitutu (SMHI), həm də ölkənin Silahlı Qüvvələri mütəxəssis çatışmazlığı ilə üzləşir. Bunun əsas səbəbləri universitetdə təhsilin mürəkkəb olması və təhsilini başa çatdırmayan tələbələrin sayının çoxluğu hesab olunur.
AZƏRTAC xəbər verir ki, hazırda Silahlı Qüvvələrdə meteoroloqlar üçün nəzərdə tutulmuş 60 vəzifədən təxminən 15-i vakantdır. Bununla yanaşı, İsveçin müdafiə qabiliyyətinin gücləndirilməsi və NATO çərçivəsində tapşırıqların yerinə yetirilməsi fonunda mütəxəssislərə tələbat artır. Proqnozların hazırlanması ilə təxminən 80 meteoroloqun məşğul olduğu SMHI-də də kadr çatışmazlığı əməkdaşların iş yükünü artırır. Problemi həll etmək üçün SMHI saatlıq ödəniş əsasında meteoroloqları, o cümlədən təqaüdə çıxmış mütəxəssisləri işə cəlb edir. Onların təcrübəsi nəinki kadr çatışmazlığını aradan qaldırmağa, həm də hazırda çalışan əməkdaşların iş yükünü azaltmağa imkan verir.
Silahlı Qüvvələr isə öz növbəsində meteoroloq ixtisası üzrə təhsil alan tələbələrə ayda 26 min kron (təxminən 2,7 min dollar) məbləğində əməkhaqqı təklif etməyə başlayıb.
İsveçdə meteorologiya üzrə təhsil beş il davam edir, lakin proqnozçu kimi dörd illik təhsildən sonra da işləmək mümkündür. İlk iki il əsasən riyaziyyat və fizikanın dərindən öyrənilməsinə həsr olunur. Stokholm Universitetinin məlumatına görə, birinci il ərzində tələbələrin təxminən 50 faizi təhsilini dayandırır.
Ən yaxşı halda İsveçdə hər il təxminən 20 meteoroloq məzun olur və onların bir çoxu başqa ölkələrdən gələn tələbələrdir. Son iki ildə vəziyyət yaxşılaşmağa başlayıb. İxtisasın sosial şəbəkələrdə və təhsil sərgilərində tanıdılması sayəsində bu ixtisas üzrə təhsil almaq istəyənlərin sayı artıb və getdikcə daha çox tələbə təhsilini davam etdirməyə başlayıb.