Türkiyədə plastik çirklənmə ilə mübarizəyə dair “yol xəritəsi” hazırlanır
İstanbul, 17 avqust, AZƏRTAC
Avqustun 31-i və sentyabrın 1-i Sıfır Tullantı Fondunun təşəbbüsü ilə İstanbulda “Türkiyə plastik dövriyyəsi ortaq ağıl platforması – Plastik dövriyyəsində davamlı gələcək” mövzusunda işçi toplantısı keçiriləcək.
Bu barədə AZƏRTAC-a fonddan məlumat verilib.
Bildirilib ki, toplantıda 17 nazirlik, 40-dan çox baş idarə və 400-dən artıq iştirakçı bir araya gələrək, plastik məhsulların istehsalından istehlakına, tullantıların idarəolunmasından təkrar emala qədər bütün mərhələlər müzakirə ediləcək.
Məqsəd plastik çirklənmənin azaldılması və dövri iqtisadiyyatın inkişafı üçün ortaq siyasət təkliflərini və strateji “yol xəritəsi”ni hazırlamaqdır.
Tədbir Türkiyənin dövlət qurumları, yerli özünüidarəetmə orqanları, universitetlər, sənaye və özəl sektor, peşə təşkilatları və vətəndaş cəmiyyətinin iştirakı ilə keçiriləcək.
İstanbul toplantısından əvvəl ölkənin Adana, Mersin, Muğla və Antalya şəhərlərində koordinasiya görüşləri təşkil olunacaq. Bu görüşlərdə plastik tullantıların azaldılması, toplanması, təkrar emalı və dənizlərə çatmasının qarşısının alınması ilə bağlı yerli təcrübə və təkliflər müzakirə ediləcək.
Toplantı çərçivəsində 4 əsas tematik blok üzrə 15 işçi masası, həmçinin valilərin və nazir müavinlərinin iştirakı ilə xüsusi sessiyalar keçiriləcək.
Tədbirin nəticələri “Türkiyə plastik dövriyyəsi yekun hesabatı”nda əksini tapacaq. Hesabatda plastik çirklənmənin qarşısının alınması, təkrar emal və istifadənin genişləndirilməsi, davamlı istehsal və istehlakın təşviqi, maliyyələşdirmə və beynəlxalq əməkdaşlıq üzrə təkliflər yer alacaq.
Bu təşəbbüs Türkiyənin sıfır tullantı baxışı çərçivəsində plastik çirklənmənin mənbədə qarşısının alınmasına və dövri iqtisadiyyatın gücləndirilməsinə xidmət edir.