REGİONLAR
Laçında AZƏRTAC-ın “Heydər Əliyev Azərbaycandır!” sənədli filmi nümayiş olunub VİDEO
Laçın, 12 dekabr, Aydın Yavərzadə, AZƏRTAC
Laçın şəhərində yerləşən “Lacinema” Kino Mərkəzində Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) tərəfindən hazırlanan və Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş ikihissəli “Heydər Əliyev Azərbaycandır!” sənədli filmi nümayiş etdirilib. Filmin yayım hüququ İctimai Televiziyaya məxsusdur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, filmin nümayişindən əvvəl Dövlət Himni səsləndirilib, Ulu Öndərin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra doğma yurd-yuvalarına qayıtmış laçınlılar böyük siyasətçinin xalqımız qarşısındakı misilsiz xidmətlərindən söz açıblar. Ölkənin ən çətin günlərində, məcburi köçkün kimi yaşamaq məcburiyyətində qalmış laçınlılarla görüşdə Heydər Əliyevin söylədiyi ümidverici, nikbin fikirlərin artıq reallığa çevrildiyi bildirilib.
Daha sonra Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin, “Laçın Abadlıq” Xidmətinin rəhbərlikləri, yerli sakinlər və hərbçilər “Heydər Əliyev Azərbaycandır!” adlı filmi izləyiblər.
Baş prodüseri AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev, quruluşçu rejissorları Seyran Mahmudoğlu və Fariz Əhmədov, ssenari müəllifi Yunis Orucov olan filmin hazırlanması üçün Azərbaycanın bir sıra regionlarında çəkilişlər aparılıb, böyük həcmdə tarixi məlumatlar toplanıb.