Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları iki uğurlu əməliyyat keçiriblər VİDEO
Bakı, 29 yanvar, AZƏRTAC
Polis əməkdaşları bank kartlarından edilən oğurluqların qarşısının alınması istiqamətində tədbirləri davam etdirirlər. Belə ki, Daxili İşlər Nazirliyinin (DİN) Su Nəqliyyatında Polis İdarəsinə xidməti ərazidə olan bir vətəndaş şikayət edərək onun kartından onlayn yolla naməlum şəxsin 15 min manat oğurladığını bildirib.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, oğurluq hadisəsini törətməkdə şübhəli bilinən 1988-ci il təvəllüdlü Gəncə şəhər sakini Vasif Məmmədov ölkəni tərk etmək istəyəndə hava limanı ərazisində saxlanılıb. Araşdırma zamanı onun sosial şəbəkələrdə səhifələr yaradaraq insanların kart məlumatlarını qanunsuz yollarla əldə etdiyi müəyyənləşdirilib. V.Məmmədovun qanunazidd əməllərindən zərərçəkən başqa şəxslər varsa, polis orqanlarına müraciət edə bilərlər.
Həmin İdarənin əməkdaşları, həmçinin Xəzər dənizinin Sumqayıt şəhəri sahilində xidmət aparan zaman naməlum şəxs tərəfindən əraziyə atılan bir “Kalaşnikov” markalı avtomat, 1 sandıqça və 47 patron aşkarlayıblar. Həmin silah-sursat təhlükəsizlik tədbirləri görülərək ərazidən götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
İdarə əməkdaşları brakonyerliklə, Xəzər dənizinə nəsil artımı üçün buraxılan körpə nərə cinsli balıqların və adı “Qırmızı Kitab”a düşən quşların ovlanması ilə məşğul olan şəxslərin də müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri, eləcə də dənizin dibi ilə çəkilən dəmir boru kəmərlərini qanunsuz olaraq kəsib satışını təşkil edənlərə qarşı mübarizə tədbirlərini daha da gücləndiriblər. Sadalanan qanun pozuntularına yol verən şəxslərə xəbərdarlıq edilərək bildirilir ki, onlar barəsində Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları digər müvafiq dövlət orqanları ilə birgə qanunauyğun ciddi tədbirlər görəcəklər.
Vətəndaşlardan Xəzər dənizində və ölkə ərazisindəki su hövzələrində hər hansı qanun pozuntusu ilə rastlaşdıqları halda Su Nəqliyyatında Polis İdarəsinin 012-433-38-12 və 012-433-38-02 nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.