Agentlik sədri: Startaplar dünya üzrə vençur kapitalının böyük qismini özünə cəlb edə bilir VİDEO
Bakı, 20 avqust, AZƏRTAC
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi olaraq ekosistem quruculuğuna olan yanaşmamızın mərkəzində startaplar durur. Qlobal təcrübə də sübut edir ki, məhz onlar innovasiyanın aparıcı gücüdür. Startaplar dünya üzrə vençur kapitalının böyük qismini özünə cəlb edə bilir. Misal üçün, təkcə 2024-cü ildə Amerika Birləşmiş Ştatlarında vençur investisiyalarının ümumi həcmi 209 milyard dollar təşkil edib və bu məbləğdən 190 milyardı məhz startaplara yatırılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri Fərid Osmanov regionlarda həyata keçirilən innovasiya proqramının yekun təqdimat mərasimində deyib.
O bildirib ki, son illərdə Azərbaycanda da startap ekosisteminin gücləndirilməsi istiqamətində məqsədyönlü və sistemli addımlar atılıb: “Ekosistemi bir çətir altında birləşdirən agentlik olaraq yerli və beynəlxalq tərəfdaşlarla birgə həyata keçirdiyimiz proqramlar nəticəsində artıq konkret nəticələrə nail olmuşuq. Belə ki, 2022–2024-cü illər ərzində yerli startaplarımız müxtəlif qlobal investor və təşkilatlardan 2,4 milyon avrodan çox investisiya cəlb ediblər. Bu, həm ölkəmizin innovasiya potensialına olan inamın göstəricisidir, həm də həyata keçirdiyimiz təşəbbüslərin real nəticəsidir”.
Fərid Osmanov vurğulayıb ki, bir neçə ildir inkubasiya və akselerasiya proqramlarının təşkili istiqamətində də fəal şəkildə iş aparılır. “Bu il iki mühüm akselerasiya proqramına imza atmışıq. Bunlardan biri Sabancı ARF və Viveka ilə birgə reallaşdırdığımız “4+1 ClimAccelerator” proqramıdır. Proqramın məqsədi iqlim innovasiyalarını təşviq etmək və region ölkələri arasında əməkdaşlıq platforması yaratmaqdır. Nəticələr kifayət qədər təsirlidir: 14 ölkədən 150-dən çox müraciət qəbul olunub, 56 startap B2B formatına uyğunlaşdırılıb, 10 startap COP29 çərçivəsində Bakıda təqdim olunub. İstanbulda keçirilmiş bağlanış mərasimində “AZIRRIGATION” adlı yerli startap 50 min avro qrantla mükafatlandırılıb”, - deyə o diqqətə çatdırıb.