Qanunvericilikdə qadınların əməyi qadağan olunan peşə, vəzifə və iş yeri 204-ə enib VİDEO
Bakı, 4 mart, AZƏRTAC
Ölkədə əmək münasibətlərinin gender bərabərliyi prinsipləri əsasında qurulması üçün mövcud qanunvericilikdə qadınların əməyi qadağan olunan peşə, vəzifə və iş yeri azaldılaraq 204 müəyyən edilib. Əvvəllər onların sayı 674 idi. Eyni zamanda, qadağan edilən bu peşə, vəzifə və iş yerləri bütün qadınlara deyil, yalnız hamilə və ya bir yaşınadək uşağı olan qadınlara tətbiq edilir. Bu dəyişiklik əmək münasibətlərinin və məşğulluq imkanlarının gender bərabərliyi prinsipləri əsasında qurulmasına mühüm töhfədir.
AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova parlamentdə keçirilən “Qanunvericilikdə gender bərabərliyi: nailiyyətlər və perspektivlər” mövzusunda keçirilən ictimai dinləmədə deyib.
O bildirib ki, ölkə üzrə qadınların orta əməkhaqlarının kişilərin orta əməkhaqqına daha yüksək templə yaxınlaşması təmin ediləcək. Statistik göstəricilərdən də bunu görmək mümkündür. 2020‐ci ildə qadınların orta əməkhaqqı kişilərin orta əməkhaqqının 63,3 faizini təşkil edirdisə, 2024-cü ildə isə rəqəm 68,9-a çatıb. Bununla yanaşı, qadınların kişilərlə bərabər qaydada gecə vaxtı yerinə yetirilən işlərə, iş vaxtından artıq işlərə cəlb edilmə və istirahət, iş günü hesab edilməyən bayram və digər günlərdə işə cəlb edilməsinə və ezamiyyətə göndərilməsinə onların yazılı razılığı ilə icazə verilir.