Naftalanda şəhid ailələrinin üzvləri və qazilərin bərpa-müalicəsi uğurla həyata keçirilir VİDEO
Gəncə, 21 iyul, AZƏRTAC
Naftalan şəhərində fəaliyyət göstərən “Möcüzəli Naftalan Sağlamlıq Mərkəzi” şəhid ailələrinin üzvləri, Birinci Qarabağ müharibəsi və Vətən müharibəsi qazilərinin reabilitasiyası istiqamətində fəaliyyətini uğurla davam etdirir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, müasir tibbi avadanlıqlarla təchiz olunmuş mərkəzdə döyüşlər zamanı müxtəlif xəsarətlər almış qazilər və digər imtiyazlı şəxslər üçün fərdi müalicə və reabilitasiya proqramları tətbiq olunur.
Hazırda burada 200-ə yaxın şəxs müalicə alır. 2026-cı ilin əvvəlindən indiyədək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin göndərişi ilə 1400-dən çox şəhid ailəsi üzvü və qazi müalicəyə cəlb olunub. Onlar əvvəlcə tibbi müayinədən keçirilir, sonra sağlamlıq vəziyyətinə uyğun 14 günlük reabilitasiya kursuna cəlb edilirlər. Prosesin ilin sonunadək davam etdirilməsi nəzərdə tutulur.
Mərkəzdə əsasən dayaq-hərəkət sistemi və oynaq xəstəliklərinin müalicəsi aparılır. Reabilitasiya proqramına masaj, müalicəvi bədən tərbiyəsi, fizioterapiya, iqlaterapiya, ozonoterapiya, hidrokolonoterapiya və Naftalan nefti vannaları daxildir.
Həyata keçirilən reabilitasiya tədbirləri pasiyentlərin funksional imkanlarının bərpasına, gündəlik həyata qayıtmalarına və həyat keyfiyyətinin yüksəldilməsinə xidmət edir.