4SİM-in icraçı direktoru: Süni intellektin inkişafında insan kapitalı əsas amillərdən biridir
Bakı, 26 sentyabr, AZƏRTAC
Süni intellektin inkişafı üçün əsas amillər sırasında elektrik enerjisi və kritik infrastruktur, məlumatlar və modellər, süni intellekt alətlərinin müxtəlif formatlarda tətbiqi, eləcə də insan kapitalı, təhsil və idarəetmə xüsusi əhəmiyyət daşıyır.
AZƏRTAC xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov “İnsan kapitalına və gələcəyin bacarıqlarına investisiya” mövzusunda panel sessiyada deyib.
Fariz Cəfərov bildirib ki, hazırda dünyada ölkələr məlumat mərkəzlərinin yaradılmasına böyük maraq göstərsələr də, enerji çatışmazlığı ciddi çağırış olaraq qalır. Süni intellekt ekosisteminin inkişafında beş əsas istiqamət önə çıxır və bunların hər birinin təmin edilməsində insan kapitalının rolu böyükdür.
“İnsan kapitalı olmadan nəzəri ideyaları fəaliyyətə çevirmək çox çətindir”, – deyə Fariz Cəfərov qeyd edib.
4SİM-in icraçı direktoru vurğulayıb ki, Azərbaycanın əsas üstünlüklərindən biri təhsil, bilik və insan kapitalının inkişafına yönəlmiş yanaşmadır. Onun sözlərinə görə, ölkədə bu istiqamətdə bir sıra strateji sənədlər qəbul edilib və 2030-cu ilədək inkişaf prioritetləri müəyyənləşdirilib.
Fariz Cəfərov Azərbaycanın rəqəmsal iqtisadiyyat strategiyasının 50-dən çox təşəbbüsü əhatə etdiyini və məlumat mərkəzlərinin yaradılması, eləcə də iri texnologiya şirkətlərinin ölkəyə cəlb edilməsi üçün xüsusi təşviqlərin nəzərdə tutulduğunu bildirib.
O qeyd edib ki, Azərbaycanın regional rəqəmsal mərkəzə çevirmək istiqamətində beynəlxalq texnologiya şirkətləri ilə əməkdaşlığı genişləndirilir. Bu çərçivədə Oracle, Microsoft və digər şirkətlərlə məlumat mərkəzlərinin yaradılması və rəqəmsal infrastrukturun inkişafı üzrə əməkdaşlıq həyata keçirilir.
“Biz bütün bu çağırışları bir araya gətirməli və gələcək üçün dəyişikliklər yarada biləcək strategiya və siyasətlər formalaşdırmalıyıq”, – deyə Fariz Cəfərov əlavə edib.