52 saylı Yevlax seçki dairəsi üzrə indiyədək 658 müşahidəçi qeydiyyatdan keçib
Yevlax, 31 yanvar, Tahir Ağaməmmədov, AZƏRTAC
52 saylı Yevlax seçki dairəsinin tərkibinə daxil olan 55 seçki məntəqəsində 53 min 638 seçici qeydə alınıb. Seçicilərdən 3926 nəfəri ilk dəfə səs verəcək gənclərdir ki, onlardan da 114-nün 18 yaşı bu il tamam olub. Seçicilərin 879 nəfəri 80-100 yaş arasında, 4 seçicinin yaşı isə 100-dən artıqdır. 47 saylı seçki məntəqəsində qeydə alınmış 112 yaşlı Səmayə Bəşirova rayonun ən yaşlı seçicisidir.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə 52 saylı Yevlax seçki dairəsi dairə seçki komissiyasının sədri Yaşar Abbasov bildirib.
Komissiya sədrinin sözlərinə görə, dairə və məntəqə seçki komissiyalarında bu il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinə hazırlıq işləri başa çatıb. Dairənin tərkibində olan seçki məntəqəsinin hamısı zəruri texniki vasitə və metodiki vəsaitlərlə, elektrik enerjisi, rabitə şəbəkəsi və yanğın təhlükəsizliyi ilə təmin olunub, seçici siyahıları və məlumat lövhələri asılıb. Seçicilərin öz mövqelərini sərbəst şəkildə bildirmələri üçün kabinələr qoyulub. 15 seçki məntəqəsində veb-kamera quraşdırılıb. Seçicilərə səsvermənin keçirilmə tarixi, vaxtı və yeri barədə bildirişlərin paylanması başa çatdırılıb, müşahidəçilərin qeydə alınması isə davam etdirilir. Bu günədək 658 müşahidəçi dairə seçki komissiyasında qeydiyyatdan keçib.