6,6 milyondan çox amerikalı işsizliyə görə verilən müavinət üçün müraciət edib
Vaşinqton, 3 aprel, AZƏRTAC
Koronavirus pandemiyası tibbi böhrandan sürətlə maliyyə böhranına çevrilib ki, bu da müəssisələrin bağlanmasına, bir sıra sahələrin maliyyə iflasına və maliyyə bazarlarında səhmlərin aşağı düşməsinə gətirib çıxarıb.
AZƏRTAC xəbər verir ki, ABŞ-ın Əmək Nazirliyinin dərc etdirdiyi məlumata görə, martın 28-dək koronavirus pandemiyası ilə bağlı işsizliyə görə verilən müavinət üçün rekord sayda müraciət qeydə alınıb. Nazirliyin sisteminə 6 milyon 648 min ərizə daxil olub.
COVID-19 virusunun yayılması ilə bağlı maliyyə böhranı ABŞ iqtisadiyyatına nəzərəçarpacaq dərəcədə təsir edib, evdə qalmağı tələb edən federal hökumətin sərəncamından və ştatların yerli administrasiyalarının fərmanlarından sonra minlərlə müəssisənin bağlanmasına gətirib çıxarıb.
Əmək Nazirliyinin məlumatına görə, xidmət sahələri, xüsusilə də turizm və ictimai iaşə sahələri COVID-19 pandemiyasının baş qaldırmasından daha çox əziyyət çəkiblər. Bundan başqa, səhiyyə, sosial təminat, sənaye, pərakəndə satış və inşaat sahələrinə əhəmiyyətli dərəcədə ziyan dəyib.
Son iki həftə ərzində işsizliyə görə verilən müavinət üçün rekord sayda müraciətlər qeydə alınıb. Qarşıdakı iki ayda belə müraciətlərin sayının artacağı gözlənilir.
AZƏRTAC-ın Vaşinqton bürosu