Qəbələdə Dünya Kuboku yarışlarında ABŞ idmançısı komandasının 2-ci qızıl medalını qazanıb VİDEO
Qəbələ, 11 avqust, Şahnəzər Bəşirov, AZƏRTAC
Qəbələ Stend və Ox Atıcılığı Kompleksində keçirilən olimpiya atıcılıq növləri üzrə Dünya Kuboku yarışları davam edir.
AZƏRTAC xəbər verir ki, avqustun 11-də kişilər arasında stend atıcılığının qoşa səngər növü üzrə yarışlar keçirilib. İştirakçılar idman atıcılığının maraqlı növlərindən biri olan bu yarışda 12 kalibrli tüfənglərdən diametri 2,55 mm-dən çox olmayan qırma patronlar vasitəsi ilə uçan hədəfləri nişan alaraq atəş açıblar.
Yarışın ilk mərhələsində müxtəlif ölkələrdən 55 idmançı iştirak edib. Finalda isə ABŞ, Almaniya, Böyük Britaniya, Hindistan, Rusiya, Çin idmançıları mükafat uğrunda mübarizə aparıblar. ABŞ idmançısı Valton Eller yarışda rəqiblərindən üstün olaraq komandasına ikinci qızıl medalı qazandırıb. Böyük Britaniya atıcısı Steven Scott ikinci, rusiyalı Vasili Mosin isə üçüncü yeri tutub.
Yarışdan sonra idmançıların mükafatlandırılması mərasimi keçirilib.