İDMAN
Azərbaycan güləşçisi Braziliyada keçirilən dünya çempionatında gümüş medal qazanıb VİDEO
Bakı, 12 avqust, AZƏRTAC
Braziliyanın Salvador şəhərində güləş üzrə gənclər arasında dünya çempionatı keçirilir. Çempionatda güləşin hər üç növü üzrə Azərbaycan yığma komandası iştirak edir.
AZƏRTAC xəbər verir ki, çempionatın ilk iki günündə yunan-Roma güləşçiləri mübarizə aparırlar. Böyük məşqçi Şaban Donat və məşqçi Zöhrab Abbasovun rəhbərliyi ilə ölkəmizi Nofəl Babayev (50 kq), Murad Məmmədov (55 kq), Kərim Cəfərov (60 kq), Ruhin Mikayılov (66 kq), Şəmistan Quluzadə (74 kq), İslam Abbasov (84 kq), Soslan Fanziyev (96 kq) və Cavid Feyziyev (120 kq) təmsil edirlər.
Yarışların ilk günündə 50, 60, 74 və 96 kiloqram çəki dərəcələrində güləşçilər mübarizə aparıblar. Güləşçilərimiz günü 1 gümüş medalla başa vurublar.
Çempionatda 50 kiloqram çəki dərəcəsində mübarizə aparan Nofəl Babayev ilk görüşdə Qırğızıstandan olan rəqibinə qalib gəlsə də, Gürcüstan idmançısına məğlub olub. Rəqibin finala çıxması ilə güləşçimizi təsəlliverici görüşə qatılıb. Macarıstan güləşçi üzərindəki qələbə N.Babayevə bürünc medal şansı verib. Həlledici görüşdə Özbəkistan idmançısına uduzan güləşçimiz çempionatı beşinci sırada tamamlayıb.
Turnirdə 60 kiloqram çəki dərəcəsində çıxış edən Kərim Cəfərov finala qədər maneəsiz irəliləyib. Ardıcıl olaraq Cənubi Afrika Respublikası, Ermənistan, Gürcüstan və Yaponiya təmsilçiləri üzərində inamlı qələbələr qazanan güləşçimizin son rəqibi Rusiya pəhləvanı olub. Ancaq bu dəfə rəqibinə uduzan Kərim Cəfərov dünya çempionatının gümüş medalına yiyələnib.
Yarışda 96 kiloqram çəki dərəcəsində təmsilçimiz Soslan Fanziyev ilk görüşdə ABŞ idmançısını üstələyib, ardınca İran təmsilçisi ilə görüşdən məğlub ayrılıb. Rəqibin finala yüksəlməsi ona təsəlliverici görüşə qatılmaq imkanı verib. Estoniyalı rəqibinə qalib gələn güləşçimiz bürünc medal uğrunda həlledici görüşə çıxıb. Rusiya təmsilçisi ilə görüş rəqibin xeyrinə başa çatıb və S.Fanziyev çempionatı beşinci sırada tamamlayıb.