İDMAN
Dünya Kuboku uğrunda kişilər arasında tüfəngdən 50 metr məsafəyə atəşaçma yarışlarının qalibləri məlum olub VİDEO
Qəbələ, 12 avqust, Şahnəzər Bəşirov, AZƏRTAC
Qəbələ Stend və Ox Atıcılığı Kompleksində keçirilən olimpiya atıcılıq növləri üzrə Dünya Kuboku yarışları davam edir.
AZƏRTAC xəbər verir ki, avqustun 12-də kişilər arasında tüfəngdən 50 metr məsafəyə atəşaçma yarışları keçirilib. Yarışın final mərhələsində ABŞ, Rusiya, Çexiya, Böyük Britaniya və Danimarkadan 8 idmançı iştirak edib. Rusiya idmançısı Kiril Qriqoryan 209,3 xalla birinci, ABŞ atıcısı Mathev Emmons 208,4 xalla ikinci, çexiyalı Tomas Jerabek isə 186,6 xalla üçüncü yeri tutub.
Yarışdan sonra idmançıların mükafatlandırılması mərasimi keçirilib.
Qeyd edək ki, beş gündür keçirilən atıcılıq yarışlarında indiyədək 16 idmançı gələn il Braziliyada təşkil olunacaq Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.