İDMAN
Bakı Olimpiya Stadionu dünyada ilin ən yaxşı idman qurğusu elan olunub VİDEO
Bakı, 18 avqust, AZƏRTAC
İnşaat sahəsində böyük beynəlxalq nüfuza malik “Engineering News Record” jurnalı (ENR) dünya miqyasında ilin ən yaxşı layihələrinin siyahısını açıqlayıb. Bu ilin martında “Bakı-2015” ilk Avropa Oyunları ərəfəsində istifadəyə verilmiş Bakı Olimpiya Stadionu idman qurğuları kateqoriyasında ilin ən yaxşı layihəsi elan olunub.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, layihə müsabiqəyə “Thornton Tomasetti” şirkəti tərəfindən təqdim edilib.
ENR jurnalı dünyanın ən yaxşı inşaat və dizayn layihələri müsabiqəsini artıq üçüncü dəfədir keçirir. Dünya miqyasında tanınmış ekspertlərdən ibarət münsiflər heyəti müsabiqəyə təqdim olunmuş layihələri təhlükəsizlik, innovasiya, ictimai əhəmiyyət, dizayn və inşaat üstünlükləri baxımından qiymətləndirir, eyni zamanda layihəni həyata keçirən şirkətlərin də çətinliklərin öhdəsindən necə gəldiyi nəzərə alınır. Builki müsabiqədə hava limanları, körpü və tunellər, inzibati binalar, mədəniyyət, təhsil və turizm obyektləri, sənaye əhəmiyyətli tikililər də yer alıb.
Qalib gəlmiş layihələr və münsiflər haqqında geniş məlumat “Engineering News Record” jurnalının sentyabrın 7-də buraxılacaq sayında dərc olunacaq. Sentyabrın 10-da Nyu Yorkun “Grand Hyatt” otelində keçiriləcək təntənəli mərasimdə isə qalib layihələr arasından “ENR ilin ən yaxşı ümumdünya layihəsi” seçiləcək. Bakı Olimpiya Stadionu layihəsinin bu nüfuzlu mükafatı alma ehtimalı böyükdür.
Xatırladaq ki, Bakı Olimpiya Stadionu SOCAR-ın baş podratçılığı ilə inşa edilib. “Bakı-2015” ilk Avropa Oyunlarının açılış və bağlanış mərasimləri, həmçinin yüngül atletika yarışları bu stadionda keçirilib.