8 Noyabr ölkəmizin hərb tarixinin ən parlaq səhifəsidir
Bakı, 6 noyabr, AZƏRTAC
AMEA-nın Memarlıq və İncəsənət İnstitutunda 8 Noyabr - Zəfər Günü ilə bağlı onlayn tədbir keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirdə baş direktor AMEA-nın müxbir üzvü, professor Ərtegin Salamzadə qeyd edib ki, Azərbaycan tarixinə Zəfər Günü kimi yazılan 8 Noyabr ölkəmizin hərb tarixinin ən parlaq səhifəsidir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Ordumuz Qarabağ torpaqlarını uzun illərdən sonra işğaldan azad etdi. Nəhayət, tarixi ədalət bərpa olundu.
Ə.Salamzadə bir il ərzində institut əməkdaşlarının Qarabağ haqqında nəşrlər dərc etdirdiklərini, sərgilər keçirdiklərini diqqətə çatdırıb.
Sonra “Qarabağ zəfəri təsviri sənətdə” mövzusunda məruzə ilə çıxış edən institutun icraçı direktoru dosent Xəzər Zeynalov Azərbaycan tarixində yeni səhifə açan şanlı qələbənin qürurverici olduğunu vurğulayıb. Qeyd edib ki, bu tarixi qələbə öz bədii təcəssümünü mədəniyyətin bütün növlərində tapıb və incəsənət adamlarının yaradıcılığına böyük stimul olub. Zəfər Günü ilə əlaqədar incəsənətdə yer alan maraqlı sənət nümunələri sırasında rəssamların yaradıcılıq məhsullarına da rast gəlmək mümkündür. Azərbaycanın şəhər və rayonlarında qoyulan xatirə kompleksi, heykəllər qələbə ruhlu rəssam təxəyyülünün məhsuludur. Həmçinin uşaq və gənc rəssamların Qarabağa həsr olunmuş əsərləri slaydlarda nümayiş edilib.
Musiqi tarixi və nəzəriyyəsi şöbəsinin aparıcı elmi işçisi dosent, Əməkdar mədəniyyət işçisi Ülkər Talıbzadə isə “Azərbaycan bəstəkarlarının yaradıcılığında zəfər mövzusu” ilə bağlı çıxış edib. O, bir illiyini qeyd etdiyimiz Zəfər tarixinin Azərbaycan bəstəkarlarının yaradıcılığına da sirayət etdiyini diqqətə çatdırıb, Zəfər Günü ilə əlaqədar yaradılan əsərlərdən bəhs edib. Alim bildirib ki, Qarabağa həsr edilən əsərlər bəstəkarların yaradıcılığında əsas yer tutur. Qarabağ mövzusu simfonik əsərlərlə yanaşı, mahnı janrında da özünün parlaq ifadəsini tapıb, bu istiqamətdə müsabiqələr keçirilib. Müsabiqədə bəstəkar Gülnar Verdiyevanın “Əsgər marşı” əsəri qalib olub. Ü.Talıbzadə bildirib ki, “Qarabağ Azərbaycandır!” adlı konsertdə qalibiyyət ruhlu, vətənpərvərlik mövzusunda yazılan 18 simfonik əsər təqdim olunub.
Tədbirdə digər çıxış edənlər mədəni irsimizin məhv edilməsindən, şəhidlərimizın son nəfəsədək mübarizə aparmasından, əsgər və zabitlərimizin mərdliyindən danışıblar.