İQTİSADİYYAT
Azərbaycan məhsullarının Rusiyaya ixracı ilə bağlı problemlər aradan qaldırılıb VİDEO
Bakı, 11 iyun, AZƏRTAC
Azərbaycanda istehsal olunun kənd təsərrüfatı məhsullarının Rusiya Federasiyasına ixracı zamanı yaranan problemlər tam aradan qaldırılıb.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, son vaxtlar azərbaycanlı fermerlər tərəfindən Rusiya Federasiyasına aparılan kənd təsərrüfatı məhsulları bu ölkənin aidiyyəti qurumları tərəfindən müxtəlif arqumentlər irəli sürülərək geri qaytarılır, yaxud laborator yoxlamalar adı ilə uzun müddət sərhəddə yubadılırdı.
Fermerlərin və sahibkarların qarşılaşdıqları bu çətinlikləri aradan qaldırmaq məqsədilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi rəhbərliyinin Rusiya Federasiyasının Federal Gömrük Xidməti ilə apardığı müzakirələrdən sonra problem həllini tapıb. Belə ki, iyunun 8-də Azərbaycanda istehsal edilən kənd təsərrüfatı məhsulları, əsasən də pomidor yüklü 29 vaqon, 11 yük maşını, iyunun 9-da 31 vaqon, 12 yük maşını, iyunun 10-da isə 40 vaqon və 10 yük maşını, ümumilikdə 100 vaqon və 33 yük maşını maneəsiz şəkildə Rusiya Federasiyasına yola salınıb.
Tərəflər arasında razılıq əldə edildikdən sonra Azərbaycan mənşəli kənd təsərrüfatı məhsullarının geri qaytarılması və ya sərhəddə yubadılması halları müşahidə olunmur.