Azərbaycan Dövlət İnformasiya Agentliyi

Oksford Universitetinin Nizami Gəncəvi Elmi Mərkəzinin beynəlxalq elmi konfransı keçirilib VİDEO

London, 16 iyun, AZƏRTAC

İyunun 11-də Oksford Universitetinin ən qədim təhsil müəssisələrindən biri olan “Brasenose” kollecində (https://www.bnc.ox.ac.uk) Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzinin növbəti beynəlxalq elmi konfransı keçirilib. “Trans-Xəzər əlaqələri (V-XIII əsrlər)” mövzusuna həsr olunmuş konfransda Oksford Universitetinin Şərqşünaslıq İnstitutunun və Nyu-York Universitetinin aparıcı professoru, Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzinin İngiltərə tərəfdən rəhbəri professor Robert Hoyland, Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, AMEA-nın müxbir üzvü, Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzinin Azərbaycan tərəfdən rəhbəri professor Nərgiz Paşayeva, Oksford Universitetinin Şərqşünaslıq fakültəsinin aparıcı professoru Edmund Hertsiq, Şotlandiyanın Edinburq Universitetinin Roma arxeologiyası üzrə professoru, Oksford və Tübingen universitetlərinin mühazirəçisi, eyni zamanda, Böyük Britaniyanın Farsşünaslıq İnstitutu və Romaşünaslığın Təbliği Cəmiyyətinin şura üzvü professor Eberhard Zauer, Rusiya Elmlər Akademiyasının ipək və kətan üzrə aparıcı arxeoloqu və tarixçisi professor Zvezdana Dode, Rusiya Elmlər Akademiyasının Dağıstan Elmi Mərkəzində arxeologiya departamentinin rəhbəri professor Murtazəli Hacıyev, Harvard Universitetinin aparıcı arxeoloqu doktor Kərim Əlizadə, Oksford Universitetinin tarixi antropologiya üzrə mütəxəssisi və Nizami Gəncəvi Mərkəzinin tədqiqatçısı doktor İrina Şinqiray, Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzinin Bərdə Arxeoloji Ekspedisiyasının (AEB) aparıcı arxeoloqu, “Brasenose” kollecinin üzvü doktor Pol Vordsvors, Pensilvaniya Universitetinin arxeologiya üzrə aparıcı mütəxəssisi aspirant Lara Fabian, Kanadanın Saskatçevan və İngiltərənin Durham universitetlərinin aspirantı Kristen Hopper və Oksford şəhərində yerləşən Ətraf Mühitin İdarə Olunması Təşkilatının aparıcı arxeoloqu Çarlz de Kesne iştirak ediblər. Beləliklə, tədbirdə Oksford Universitetinin alimləri ilə bərabər, Şotlandiyanın Sent Andryus Universitetindən, ABŞ-ın Harvard və Pensilvaniya universitetlərindən, həmçinin Rusiya Elmlər Akademiyasından gələn alimlər də çıxış ediblər.

Konfransın əvvəlində açılış nitqləri ilə çıxış edən Nizami Gəncəvi Mərkəzinin İngiltərə tərəfdən rəhbəri, Oksford Universitetinin Şərqşünaslıq İnstitutunun və Nyu-York Universitetinin aparıcı professoru Robert Hoyland və Mərkəzin Azərbaycan tərəfdən rəhbəri, Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, AMEA-nın müxbir üzvü, professor Nərgiz Paşayeva Nizami Gəncəvi Mərkəzinin artıq iki ilə yaxındır ki, fəaliyyət göstərdiyini qeyd ediblər. Professor R.Hoyland Nizami Gəncəvi Mərkəzinin yaradılmasında özünün və həmkarı Nərgiz Paşayevanın xüsusi elmi marağını qeyd edib, Mərkəzin ümumi akademik dəyərinə, əhəmiyyətinə və elmi uğuruna inandığını vurğulayaraq deyib: “Əminəm ki, bu konfrans və elmi araşdırmalar elm dünyasında maraqla qarşılanacaq və növbəti daha geniş tədqiqatlar üçün qapı olacaq”. Daha sonra o, dünyanın müxtəlif ölkələrindən konfransda iştirak etmək üçün Oksford Universitetinə gələn bütün alimlərə minnətdarlığını bildirib və konfransın işinə uğurlar arzulayıb.

Professor N.Paşayeva dünyanın ən nüfuzlu təhsil ocaqlarından sayılan Oksford Universitetində belə bir konfransın keçirilməsindən böyük məmnunluğunu ifadə edib. O deyib: “Konfransda iştirak edən dəyərli alimlərə öz ehtiramımı bildirmək istərdim. Professor Hoylandın dediyi kimi, artıq iki ilə yaxındır ki, biz rəsmi əməkdaşlıq edirik. Bizim gözləntilərimiz, planlarımız və ümidlərimiz çox böyükdür və biz Nizami Gəncəvi Mərkəzinin bu 5 illik elmi-tədris proqramını birdəfəlik təşəbbüs və keçici mərhələ kimi nəzərdə tutmamışıq və tutmuruq. Həqiqət ondan ibarətdir ki, bir çox elmi-nəzəri məsələlər, problemlər uzaq keçmişdən bu günə qədər öz həllini gözləyir. Qeyd etmək lazımdır ki, sovet dövründə elmi metodologiya təhrif olunmuş bir sistem kimi fəaliyyət göstərirdi. Bir çox hallarda tarixi faktlar dəyişilmiş, həqiqi elmi mülahizələr isə vulqar, sosioloji təmayüllərə məruz qalırdı. Misal üçün, Azərbaycan tarixi haqqında kitablar və dərsliklər yenidən işlənib hazırlanmalıdır. Bu gün bölgəyə (Qafqaz) dünya elmi kontekstində böyük bir maraq var. Xəzərətrafı ərazilər həmişə bir çox xalqlar və müxtəlif etnik qruplar ilə zəngin olub. II-III əsrlərdə bir-birindən uzaqda olan iki böyük imperiya - Roma və Çin imperiyaları arasında bir bağlantı yarandı. Bu bağlantıya səbəb bir əşya, bir amil - ipək oldu. Məhz ticarət ilə bağlı olan amil demək olar ki, bütün dünyanı birləşdirdi, yolları acdı, məlumatlar sıxlaşdı və Qafqaz xalqları daxil olmaqla regionun bir çox xalqları bu prosesə qatıldılar. Məlumdur ki, etnogenez məsələsi tarixin ən müşkül məsələlərindən biridir. Alimlər qeyd edir ki, bir xalqın yaranması üçün inkubasiya dövrü 500 il davam edə bilər. Beləliklə, suallar az deyil, öyrənilməmiş məqamlar da çoxdur. Mən çox şadam ki, biz professor Hoylandın rəhbərliyi altında Bərdədə arxeoloji qazıntılar apararaq arxeoloqların, antropoloqların, tarixçilərin, şərqşünasların, ədəbiyyatçıların, dilçi alimlərin müştərək köməyi və əməyi ilə bu boşluqları doldura bilərik. Oksford kimi məşhur elm ocağında bu əhəmiyyətli işin görülməsinin xüsusi dəyəri, çəkisi var. Özüm haqqında bircə onu deyə bilərəm ki, 34 ildir mən universitetdə çalışıram və üç böyük universitet - Bakı Dövlət, Moskva Dövlət universitetləri və son üç ildə isə möhtəşəm Oksford Universiteti mənim həyatımın böyük, mühüm bir parçası olub. Əsas odur ki, bizim apardığımız elmi araşdırmaların müsbət, dünya elmi ictimaiyyəti tərəfindən qəbul olunmuş bir nəticəsi olsun və gələcək tələbələrimiz araşdırmalardakı boşluqları doldurmaq üçün obyektiv - Oksford Universitetinin malik olduğu baxışa sahib olsunlar”. N.Paşayeva çıxışının sonunda bu yoldan keçən, həyatdan köçmüş alimlərin ruhuna ehtiram ifadə edib, həyatını elmə sərf edən bütün insanların qarşısında baş əydiyini bildirərək konfransın işinə uğurlar arzulayıb.

Konfransda Şotlandiyanın Edinburq Universitetinin Roma arxeologiyası üzrə professoru, Oksford və Tübingen universitetlərinin mühazirəçisi, eyni zamanda, Böyük Britaniyanın Farsşünaslıq İnstitutu və Romaşünaslığın Təbliği Cəmiyyətinin şura üzvü professor Eberhard Zauer “Yerli şəraitə uyğunluq: Sasani imperiyasının şimal sərhədinin İberiyaya qədər müdafiəsi” mövzusunda çıxış edib. Son illər ərzində İranda və Gürcüstanda həmkarları ilə birlikdə apardığı arxeoloji qazıntılar nəticəsində professor Zauerin gəldiyi nəticə budur ki, Sasani imperiyası IV-V əsrlər arasında romalıların yaratdığı müdafiə sistemindən daha güclü bir sistem yaratmış və bu sistem yerli şəraitə uyğunlaşmaqla bərabər yaratdığı irriqasiya sistemlərinin köməyi ilə urbanizasiya və əhali artımına səbəb olmuşdur. İnteraktiv təqdimat ilə edilən çıxışda professor E.Zauer irəli sürdüyü düşüncələri, iranlı və gürcü həmkarları ilə birlikdə gəldiyi qənaətləri Gürcüstandakı Dariali keçidində və İrandakı Kürgan divarı boyu aparılan arxeoloji qazıntıların nəticələri əsasında aşkara çıxmış sübutlarla əsaslandırdı. Professor E.Zauer Sasani imperiyasının böyük ambisiyalarının bütün Trans-Xəzər ərazilərinə təsir etdiyini söyləyib və gələcəkdə davam etdiriləcək arxeoloji qazıntıların bu istiqamətdə daha çox elmi sübutlar təqdim edəcəyinə inandığını vurğulayıb.

Rusiya Elmlər Akademiyasının ipək və kətan üzrə aparıcı arxeoloqu və tarixçisi professor Zvezdana Dode “Qafqaz - müxtəlif mədəniyyətlərin kəsişməsində” mövzusunu təqdim edərək kimmerlərin, skiflərin, sarmatların və alanların Qafqaz dağları ərazilərindəki təsirindən danışıb. Professor Z.Dode xüsusi olaraq sovet dövründə mövcud olan ideoloji təzyiqlər nəticəsində Çindən Bizansa qədər ərazini əhatə edən coğrafi məkanın öyrənilməsində mühüm olan türk komponentinin bilərəkdən çıxarılmasını qeyd edib və bundan sonra tədqiqatların yeni istiqamətdə aparılmasının və tarixi ədalətin bərpasının vacibliyini bildirib.

Rusiya Elmlər Akademiyasının Dağıstan Elmi Mərkəzində arxeologiya departamentinin rəhbəri professor Murtazəli Hacıyev “Dərbənd şəhəri İslam mərkəzi kimi: Müsəlmanların ibadət yerlərinin tapılması və öyrənilməsi (VII-XIII)” mövzusunda danışdı. Professor M.Hacıyev Dərbəndin (Bab əl-Əbvab) bir çox əsrlər boyu xüsusilə Səlcuqların dövründə hərbi-siyasi, ticarət, dini, ideoloji mərkəz kimi fəaliyyət göstərməsi və bu dövr ərzində sənaye şəhəri kimi tanındığını qeyd edib. 2014-cü ildə arxeoloji qazıntılar zamanı Dərbənddə su təchizatı sisteminə bağlı olan müsəlman ibadət yeri aşkar edilmişdi. X-XIII əsrlərə aid edilən bu ibadət yeri su təchizatı ərazisində olduğu üçün dini ibadətdən öncə dəstəmaz və qüsl alınmasına imkan verirdi. İbadət yerinin arxeoloji qazıntılar zamanı tapılan qəbirlərini və ərəb dilində yazılarını interaktiv təqdimat ilə iştirakçılara təqdim edən professor M.Hacıyev bu yerin Dərbənddə X-XIII əsrlərdə dini mərkəz kimi fəaliyyət göstərdiyini bildirib.

Harvard Universitetinin aparıcı arxeoloqu doktor Kərim Əlizadə “Sasani dövlətinin və erkən İslam dövrünə aid Muğan çölünün (İran Azərbaycanı) yaşayış məntəqələrinin əlaqələri və kollapsı” barədə iştirakçılara elmi məruzəsini təqdim edib. Doktor K.Əlizadə Sasani imperiyasının Muğan düzündə suvarma sistemi və urbanizasiya məqsədləri haqda danışaraq deyib: “Elmi sübutlara əsasən demək olar ki, artıq eramızın VII əsrindən etibarən Sasani imperiyasının yaşayış qəsəbələri və suvarma sistemi istifadədən çıxmışdı”. Doktor K.Əlizadə öz çıxışında Muğan düzündə apardığı arxeoloji qazıntılar nəticəsində aşkara çıxmış bu sübutlara əsasən Sasani imperiyasının məhz bu suvarma və yaşayış qəsəbə sisteminin fəaliyyətinin dayandırılması nəticəsində süquta uğramasına dair fərziyyə irəli sürüb.

Pensilvaniya Universitetinin arxeologiya üzrə aparıcı mütəxəssisi aspirant Lara Fabian “Şimali və Cənubi Qafqazın qarşılıqlı əlaqəsi: Xəzər dənizi sahillərində “Sarmatlar məsələsi”nə dair məruzə ilə çıxış edərək sarmatların və alanların Böyük Qafqaz dağlarındakı rolundan bəhs edib. Sarmatların və alanların etnik mənsubiyyəti, hansı dövrdən tarix səhnəsinə çıxması kimi suallarla çıxışını başlayan Lara Fabian yunan və latın mənbələrini və sovet dövründə ərazidə aparılan arxeoloji qazıntıları qeyd edərək bu günədək sarmatların və alanların kimliyini və bu ərazilərdə nə məqsədlə yaşadığını elmin hələ də dəqiq ortalığa çıxarmadığını qeyd edib. O bildirib ki, apardığı araşdırmalar nəticəsində Simali Qafqazla bağlı müxtəlif etnik qrupların Cənubi Qafqaz ərazisindəki iştirakı (son Sarmat dövründə) çox güclü idi.

Kanadanın Saskatçevan və İngiltərənin Durham universitetlərinin aspirantı Kristen Hopper “Sasani sərhədlərində rabitə əlaqələri: İranın şimal-şərqində Kürgan düzənliyində keçid yolları” adlı elmi məruzə ilə çıxış edib. Bildirib ki, son illərdə Sasani imperiyası dövrünə aid bir çox xəritələr və qədim mənbələr ilə aparılan iş maraq doğurur. O, Kürgan düzənliyi ərazisində və onun ətrafında olan yolların qədim mənbələrdə qeyd olunduğunu bildirərək müasir dövrdə peykdən görüntülər əsasında yaradılan xəritələrin indiyədək aşkar edilməmiş bu və ya digər qədim keçid yollarının aşkara çıxarılmasının vacibliyindən danışıb. 2007-2008-ci illərdə Rekavandinin və 2013-cü ildə Vilkinson və başqa alimlərin yazdıqları “Kürgan divarı layihəsi” kitabında qədim mənbələrdəki keçid yolları haqqında məlumatlar arxeoloji qazıntılar və peykdən çəkilən görüntülərlə müqayisə olunduğunu, Sasani dövründəki keçid yolları haqda daha dəqiq məlumatlar əldə etmək imkanını müzakirə etdiklərini bildirib.

Oksford Universitetinin tarixi antropologiya üzrə mütəxəssisi və Nizami Gəncəvi Mərkəzinin tədqiqatçısı doktor İrina Şinqiray “Xəzər “ehtirasları”: Məhərrəmlik qaydaları və erkən orta əsrlər Türk-Fars dünyasında köçəri əlaqələr” mövzusunda çıxış edərək Xəzər dənizi ətrafında (eramızın I minilliyinin ortaları) Türk-Fars köçəri qruplarının yas mərasimlərindən ən yüksək siyasi səviyyədən yerli icmalara qədər siyasi məqsədlər üçün istifadə etdiklərini qeyd edib. Türk-Fars sərhədlərində məhərrəmlik qaydalarından özünəməxsus istifadə edərək köçəri tayfalar oturaq tayfalarla müntəzəm qaydada əlaqədə olmuş və bu qaydaların Xəzər bölgəsi ərazisində və kənarda yayılmasına təsir etmişlər. İslamın gəlişindən sonra bu yas mərasimləri şiə İslamı kontekstində Kərbəla müsibətinə aid edilmişdi.

Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzinin Bərdə Arxeoloji Ekspedisiyasının aparıcı arxeoloqu, “Brasenose” kollecinin üzvü doktor Pol Vordsvors “Xəzəryanı sahillərdə (X-XII əsrlər) Bərdə və əyalət şəhərləri” haqda danışıb. Bərdə şəhərində arxeoloji ekspedisiyanın baş arxeoloqu olan doktor P.Vordsvors yazılı mənbələr ilə qazıntıların ortalığı çıxardığı nəticələri müqayisə edərək qənaətə gəlmişdir ki, bu günədək tarix elminin Bərdənin şəhər kimi X əsrdən sonrakı süqutu və Gəncə şəhərinin çiçəklənməsi qənaəti həqiqətə uyğun deyil. Bərdə şəhərində aparılan arxeoloji qazıntıların nəticəsində elmə yeni məlum olmuşdur ki, XI əsrdə bu şəhər Xəzər dənizi boyu başqa şəhərlərlə birgə genişlənmiş və çiçəklənmişdir. Bundan əlavə, bu dövrdə hər regiona məxsus malların paylanması və peşə növləri arasında oxşarlıqlar bu şəhərlərin, Bərdə daxil olmaqla, şəhər mərkəzləri və Trans-Xəzər regionu ilə sıx əlaqəli olduğu göstərilir.

Oksford şəhərində yerləşən Ətraf Mühitin İdarə Olunması Təşkilatının aparıcı arxeoloqu Çarlz de Kesne “Xəzər dənizinin şimal-şərq sahilinin arxeologiyası” mövzusunda çıxış edib. Qeyd edək ki, Ətraf Mühitin İdarə Olunması Təşkilatı (http://www.erm.com) ətraf mühit və təhlükəsizliyin qorunması ilə bağlı şirkətlərə və təşkilatlara məsləhət verən ən aparıcı qurumlardandır. Çarlz de Kesne son illərdə Xəzər dənizinin şimal-şərqində qazax və beynəlxalq arxeoloqların apardığı qazıntılar zamanı bir çox qədim məskənlər tapıldığını qeyd edib. Bu məskənlər Xəzər dənizində suyun səviyyəsinin qalxıb-enməsi ilə bağlı olub, regionun mədəni və iqtisadi əlaqələrinə təsir etmişdir. Çarlz de Kesne Xəzər dənizinin ətrafındakı ərazilərin Ətraf Mühitin İdarə Olunması Təşkilatı tərəfindən yaradılan xəritələrini təqdim edərək bu sahələrdə ayrı-ayrı dövrlərə aid olan məskənlər və müxtəlif məqsədlərlə yaşamış insanlar haqda məlumat toplamaq üçün daha çox arxeoloji işə ehtiyac olduğunu qeyd edib.

Konfransa yekun vuran Oksford Universitetinin Şərqşünaslıq İnstitutunun aparıcı professoru Edmund Hersiq əvvəlcə konfransın mövzusu olan V-XIII əsrlərdə Trans-Xəzər əlaqələrinin, bu günə qədər elmdə çox az araşdırıldığını qeyd edib. İndiyədək bu sahədəki araşdırmaların professor Z.Dodenin çıxışında göstərildiyi kimi, yanlış istiqamətdə aparıldığını qeyd edən E.Hersiq bu mövzuda hələ çox şeyin öyrənilməli olduğunu deyib. Böyük coğrafi məkanı və uzun dövrü əhatə edən çıxışlardan İrina Şinqirayın köçəri tayfaların yas mərasimlərinin sonradan İslamın şiə təriqətinin ənənəsi çərçivəsində məhərrəmlik və aşuraya təsirini, aspirant Lara Fabianın çıxışında çoxsaylı yerli xalqların və ondan fərqli olaraq professor Zauerin çıxışında sırf olaraq Sasanilərin müdafiə sisteminə həsr etdiyi məruzəni qeyd edib və onların bir kontekstdə qarşılıqlı surətdə əlaqələnməsinin müzakirəsinə ehtiyac olduğunu bildirib. O deyib: “Məsələn, Eberhardın çıxışında biz Sasanilərin güclü bir imperiya olduğunu, sərhədlərinin müəyyən olunmasında və düşmənə qarşı qorunmasında bildiklərimizi bir daha arxeoloji qazıntıların bizə verdiyi sübutlar əsasında görürük. Laranın çıxışında isə bəlli olur ki, tam fərqli olaraq bir çox xalqlar bir-birinə qarışıb və müəyyənlik yoxdur. Düşünürəm ki, biz bu iki aspekti hələ də birləşdirə bilməmişik”.

Ətraf mühit və ətraf mühitin insanların torpaq istifadəsinə təsiri haqda da bir çox fikirlərin qeyd olunduğunu deyən professor E.Hersiq Çarlz de Kesnenin çıxışına diqqət çəkərək bu sahədə daha çox arxeoloji işə ehtiyac duyulduğunu bir daha vurğulayıb. Harvard Universitetinin doktoru Kərim Əlizadənin də çıxışını xatırladan professor E.Hersiq Sasanilərin dövründə suvarma sisteminin süquta uğraması haqdakı fərziyyələrin birbaşa ətraf mühitdəki dəyişikliklərlə əlaqəli olduğunu diqqətə çatdırıb. Bu mövzuların, xüsusilə ətraf mühitin tarixi hadisələrə təsirinin adətən tarixçilər arasında müzakirə olunmadığını deyən E.Hersiq bugünkü konfransda onların səslənməsinin vacibliyini vurğulayıb.

Arxeologiyanın bu məsələlərdəki önəmli rolunu vurğulayan professor E.Hersiq bir tarixçi kimi söyləyib ki, Sasanilərin yazılı tarixi mənbələri onların daha çox dini müzakirələrə maraq göstərdiyi, böyük imperiya ambisiyalarına malik olmadıqları təəssüratını yaradır. Lakin Sasani dövrünə aid olan bütün arxeoloji qazıntılar bunun əksini, yəni, Sasanilərin çox böyük ambisiyalara malik olduğunu və dünyada ən güclü ordu qurmaq istəyini göstərir. Bu isə dünya elminin Sasanilər haqqında biliklərini köklü şəkildə dəyişir. Professor E.Hersiq o dövrdə yolların, çayların, suvarma sistemlərinin, dağarası keçidlərin, qalaların vasitəsilə rabitənin yaradıldığını qeyd edib. Xəzər dənizindən isə gəmilərin bir əlaqələndirici keçid kimi istifadəsindən qədim mənbələrin az qeyd etdiyini söyləyib. Bunun səbəbini bilmək üçün o, auditoriyadakı alimlərə müraciət edib. Doktor İ.Şinqiray və professor Paşayeva bu suala cavab olaraq Xəzərin təhlükəli dəniz olmasını əsas gətiriblər və mənbələrdə onun haqqında az qeydlər olduğunu söyləyiblər. Professor N.Paşayeva Xəzərin dünyada üçüncü ən təhlükəli su hövzəsi olmasının artıq qəbul edilmiş fikir olduğunu və bu səbəbdən yazılı mənbələrin onun adının səyahət olunan dəniz kimi az hallandığını xatırladıb.

Sonda Edmund Hersiq Oksfordda Nizami Gəncəvi Mərkəzini yaradan professorlar Nərgiz Paşayevaya və Robert Hoylanda dərin minnətdarlığını bildirib. Qeyd edib ki, beş il öncə belə bir Mərkəzin məhz Oksfordda yaradılması inanılmaz bir hadisə kimi görünürdü. Bu gün isə artıq Oksford Universitetinin rəsmi hissəsinə çevrilmiş bu Mərkəz Rusiyadan, ABŞ-dan, Azərbaycandan və Avropanın bir çox şəhərlərindən gələn alimlərin iştirakı ilə beynəlxalq səviyyədə konfrans təşkil edir.

Oksford Universitetinin “Brasenose” kollecinin rəhbəri, Britaniyanın Ali Məhkəməsinin sədr müavini, Britaniya Kraliçasının ədliyyə məsələləri üzrə müşaviri titulunu daşıyan Con Bauers professor Nərgiz Paşayeva ilə görüşüb

Konfransdan bir gün əvvəl, iyun ayının 10-da professor N.Paşayevanın mühüm, işgüzar bir görüşü olub. Bu görüş Oksford Universitetinin “Brasenose” kollecinin rəhbəri, Britaniyanın Ali Məhkəməsinin sədr müavini, Britaniya Kraliçasının Ədliyyə Məsələləri üzrə müşaviri titulunu daşıyan Con Bauers ilə idi. Con Bauers N.Paşayevanı salamlayaraq tanışlıqdan şad olduğunu bildirib və Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin təşkil etdiyi “Trans-Xəzər əlaqələri (V-XIII əsrlər)” beynəlxalq konfransının rəhbərlik etdiyi “Brasenose” kollecində keçirilməsindən məmnunluq duyduğunu ifadə edib.

XVI əsrdə yaradılmış “Brasenose” kollecinin məşhur məzunları sırasında Böyük Britaniyanın Baş naziri Devid Kemeronun və Avstraliyanın Baş naziri Malkolm Turnbulun da adları var.

 Söhbət zamanı Con Bauers və N.Paşayeva maraqlı elmi-tarixi məqamlara toxunublar və fikir mübadiləsi aparıblar. N.Paşayeva qeyd edib ki, artıq Oksford Universitetinin hissəsi kimi fəaliyyət göstərən Nizami Mərkəzinin məqsədlərindən biri Azərbaycan alimlərinin elmi işlərini dünya ictimaiyyətinə təqdim etməkdir. N.Paşayeva deyib: “Əfsuslar olsun ki, sovet dönəmində bu işlərin akademik tərcümələri və çapları Avropa dillərində demək olar ki, hazırlanmayıb. Bu səbəbdən bu gün sanki onlar heç mövcud da deyil. Əslində bu kitabların mövcudluğu ilə yanaşı, dəyəri, elmi sanbalı heç də az deyil. Belə həqiqətləri sübuta yetirmək gələcək nəsillərin, savadlı tələbələrin borcudur. Çünki keçmişindən xəbəri olmayan heç bir millət müasir, qabaqcıl sivilizasiyanın bir hissəsinə çevrilə bilməz. Oksford Universiteti isə bütün dünya üçün bir örnəkdir və mühüm bir vasitə kimi bu planların, arzuların həyata keçməsinə güclü təkan verə, köməkçi gedə bilər. Oksford Universitetinin “Brasenose” kollecinin rəhbəri Con Bauers professor N.Paşayevaya Britaniyada təhsil alan azərbaycanlı tələbələr haqqında nə düşündüyü ilə bağlı sual verib. N.Paşayeva deyib ki, Britaniya Türkiyədən sonra azərbaycanlı tələbələrin ən çox olduqları ölkədir. Bu tələbələrin böyük əksəriyyəti iqtisad elmləri (bank işi, audit, marketinq və s.) və beynəlxalq münasibətlər üzrə təhsil alırlar, dəqiq elmlər - kimya, riyaziyyat, tibb, fizika və s. bu kimi elmlər üzrə təhsil alanların sayı isə çox azdır. Amma istedadlı və çalışqan gənclər Azərbaycanda heç də az deyil. Gələcəkdə belə tələbələrin Oksford Universitetində müxtəlif istiqamətlər üzrə təhsil almalarını təşviq etmək, istiqamətləndirmək məqsəd və funksiyalarımızdan biridir. Belə gənclərdə öz savadlarına tələb və inam yaratmaq lazımdır. Onlar həyatda biliklərdən, tərbiyədən və vicdanlarından savayı heç nədən asılı olmamalarının gözəl nəticələrini görməyi bacarmalıdırlar.

Daha sonra Con Bauers və N.Paşayeva Azərbaycanın coğrafi, tarixi-mədəni, mənəvi irsi mövzuları ətrafında söhbət ediblər. Yüksək səviyyədə keçən görüşün sonunda “Brasenose” kollecinin rəhbəri Con Bauers konfransın işinə bir daha uğurlar arzulayıb və artıq Oksfordun bir hissəsi kimi fəaliyyət göstərən və beləliklə, özünü dünyada tanınan, böyük alimlərlə təqdim edən Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinə şərəfli və məsuliyyətli yolda qələbələr arzulayıb.

Səfər çərçivəsində iyunun 9-da professor Nərgiz Paşayeva Nizami Gəncəvi Mərkəzinin Bərdə Arxeoloji Ekspedisiyasının (BAE) baş arxeoloqu doktor Pol Vordsvors ilə birgə Oksford Universitetinin Aşmolean Muzeyində muzeyin Yusif Cəmil Mərkəzinin xüsusi konservasiya şöbəsinin rəhbəri Allessandra Kerreda ilə görüş keçirib. Görüşün məqsədi Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzinin Bərdə Arxeoloji Ekspedisiyası çərçivəsində IX-XIII əsrlərə aid olan və Azərbaycana yaxın ərazilərdə tapılan keramika nümunələri ilə tanış olmaq və onları Bərdədə hissə-hissə tapılan (şəkil) oxşar naxışlı keramika növləri ilə müqayisə etmək idi. Qeyd edək ki, 2011-ci ildə eksponatların konservasiyası üçün yaradılan bu şöbə Aşmolean Muzeyinin Yusif Cəmil Mərkəzinə aiddir. (Yousef Jameel Centre http://jameelcentre.ashmolean.org).

Görüş zamanı Alessandra Kereda doktor P.Vordsvors və professor N.Paşayevanı X-XII əsrlərə aid olan bir neçə keramika növü və dahi şair Nizami Gəncəvinin “Yeddi Gözəl” və “Xosrov və Şirin” əsərlərinə aid iki miniatür ilə tanış edib.

Professor N.Paşayevanın və doktor P.Vordsvorsun tanış olduğu ilk saxsı qab XII əsrdə İranda tapılmış bir kasa idi. 1956-cı ildə qədim əşyaların həvəskar kolleksiyaçısı Ser Alen Barlou tərəfindən Aşmolean Muzeyinə hədiyyə edilmiş bu kasanın naxışları X əsrə aiddir və keçən il Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzinin arxeoloqlarının Bərdədə başladığı arxeoloji qazıntı zamanı aşkar etdiyi kasa hissələrinin (şəkil) naxışlarına uyğun olduğu qeyd edilib. Kasanın ortasında ərəb hərfləri qeyd olunsa da, alimlər bu hərflərin bir məna daşımadığını, sadəcə cızma ilə yaradılmış naxış üslubu olduğunu müəyyən ediblər.

İkinci kasa X əsrdə Nişapur və Səmərqənd civarında tapılıb və 1976-cı ildə qədim əşyaların həvəskar kolleksiyaçısı Cerald Reitlinqer tərəfindən Muzeyə bağışlanıb. Bu kasa fərqli naxışları və hazırlanma qaydaları ilə birinci kasadan fərqlənir və Bərdədə tapılan kasaların bəzi naxışları ilə üst-üstə düşür. Bu kasaya da birinci kasada olduğu kimi, hərflərlə naxışlar vurulsa da, hər hansı bir məna daşımadığı müəyyən edilmişdir.

XI əsrə aid olan üçüncü kasa cızma naxış üslubundan fərqli olaraq müxtəlif rənglərin daha çox abstrakt şəkildə istifadə olunması ilə fərqlənir. Bu kasa da 1956-cı ildə Cerald Reitlinqer tərəfindən Muzeyə hədiyyə edilib.

Dördüncü və beşinci nümunələr - kasa və kuzə XII və XIII əsrlərə aid olub, Rey və Kaşan məktəblərinə xas üslubları ilə seçilir. Bunlar da birinci kasa kimi Sir Alen Barlou tərəfindən 1956-cı ildə Muzeyə hədiyyə edilib.

Nümunələr ilə yaxından tanış olan professor N.Paşayeva onların konservasiyası ilə maraqlanıb və Alessandra Kereda tərəfindən ona bildirilib ki, Aşmolean Muzeyinə bağışlanan hər bir hədiyyə nümunələrin yoxlanması departamentində yenidən yoxlama prosesindən keçirilir və xüsusi hava şəraiti olan otaqlarda saxlanılır. Nümunələr vaxtaşırı təmizlənərək xüsusi diqqət və qayğı ilə qorunur. Öz növbəsində, Muzeydə təqdim olunan keramika materiallarının nümunələri əsasında doktor P.Vordsvors professor N.Paşayevaya Bərdədə tapılan və hazırda Bərdə muzeyində saxlanılan bəzi keramika parçaları haqda məlumat verib, onların elmi və laborator analizləri haqda danışaraq gələcəkdə saxlanılması və konservasiyası haqda fikirlərini bildirib. Azərbaycan alimləri Aləm Nuriyev, İlyas Babayev, Hidayət Cəfərov və başqalarının bu günə qədərki Bərdə ekspedisiyasının əhəmiyyətindən də bəhs edilib. İlk dəfə olaraq Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzinin Bərdə arxeoloji layihəsi çərçivəsində Bərdə şəhərindən tapılan maddi-mədəniyyət nümunələri müasir dünya standartlarına uyğun qaydada konservasiya olunaraq saxlanılacaq.

Keramika nümunələrindən fərqlənən və XV-XVI əsrlərdə Şiraz rəsm məktəbinin hazırladığı dahi şair Nizami Gəncəvinin “Yeddi Gözəl” və “Xosrov və Şirin” əsərlərindən miniatürlər də qonaqlara təqdim edilib. Birinci miniatürdə şah Bəhram Gur slavyan şahzadəsinin yanına gələn an təsvir edilir. İkinci miniatür isə Xosrovun Şirinin sarayına gəlib onu görmək arzusunu ifadə edir.

Miniatürlərdə eşq, ehtiras, ülvi duyğular, qorxu, təvazökarlıq və s. hisslər Şiraz məktəbinin gözəl əl işində özünü büruzə verir. ABŞ-ın Los-Anceles şəhərindəki Kaliforniya Universitetində (UCLA) Nizami Gəncəvinin müasir dünya poeziyası ilə müqayisəsini öyrənən və Oksford Universitetinin Şərqşünaslıq fakültəsində İran dili üzrə mütəxəssis kimi fəaliyyət göstərən aspirant Səhba Şəyani miniatürlər barədə professor Nərgiz Paşayevaya ətraflı məlumat verib və mövzu üzrə fikir mübadiləsi aparılıb.

Sonda professor Nərgiz Paşayeva və doktor Pol Vordsvors Oksford Universitetinin Aşmolean Muzeyinin işçiləri ilə gələcəkdə Bərdədə tapılan eksponatların tarixlərinin dəqiqləşdirilməsi, düzgün saxlanılması və konservasiyası sahəsində birgə əməkdaşlıq planlarını müzakirə ediblər. Bununla da elmi-işgüzar səfər başa çatıb.

Orxan İsmayılov

AZƏRTAC-ın xüsusi müxbiri

London 

Oksford Universitetinin Nizami Gəncəvi Elmi Mərkəzinin beynəlxalq elmi konfransı keçirilib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Prezident İlham Əliyev: Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir

Ötən gün narkotiklərlə əlaqəli 20 fakt müəyyən edilib

Azərbaycan taekvondoçusu Paris Qran-Prisində mübarizə aparacaq

Prezident İlham Əliyev: Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb

“Mən öz ağacımı əkmişəm”... - həyat yoldaşının şəhid Denis Əliyev haqqında xatirələri

Əhməd Bican Ərcilasun: Türk dili və ədəbiyyatının tədrisində dilin dərin qatlarının öyrənilməsi vacibdir

Qusarda yol infrastrukturu yenilənir – Piral kəndində 3,1 kilometr yol asfaltlanıb

Prezident: Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib

NASA Mars şəfəqinin qeyri-adi görüntüsünü yayımlayıb

Azərbaycanın dövlət maliyyə idarəçiliyi 133 ölkənin reytinqində 3-cü yeri tutub

Prezident Kitabxanasında növbəti dəyirmi masa bəstəkar Aydın Əzimovun yaradıcılığına həsr olunub

Prezident İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

ADU-da “Türk dili və ədəbiyyatının tədrisi” IV Beynəlxalq simpoziumunun açılışı olub

Akif Quliyev: 16 nəfərə aid qalıqlar götürülüb və məhkəmə tibbi ekspertizaya təhvil verilib

ADU rektoru: Simpoziumun əsas məqsədlərindən biri gənc alimlər arasında elmi əlaqələrin qurulmasıdır

Dövlət Xidmətinin vəzifəli şəxsinin qanunsuz əməlləri barədə cinayət işi məhkəməyə göndərilib

Ekspert: Bakıda əmlak qiymətlərinin yüksək olmasında infrastruktur imkanları əsas amillərdəndir

Bakıda yanğın təhlükəli hotelin fəaliyyəti dayandırılıb VİDEO

Bakıda yanğın təhlükəli hotelin fəaliyyəti dayandırılıb VİDEO

“Axios”: ABŞ ordusuna İrana hücum üçün hazırlıqlı olmaq əmri verilib

Medef: Fransa dövlət xərclərini azaltmalıdır

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilir YENİLƏNƏCƏK

Yenilənmiş qanunvericilik Texnopark rezidentlərinin sayını iki dəfə artırmağa imkan verəcək - ŞƏRH

Azərbaycanla İspaniya arasında siyasi məsləhətləşmələrin 5-ci raundu keçirilib

Dünya səyyahlarının Qarabağ və Şərqi Zəngəzura növbəti səfəri başlayıb

“Biletim.az” portalı üzərindən onlayn bilet alanların sayı artıb

Azərbaycan Kubokunda bu gün daha 3 oyun keçiriləcək

Rəqəmsal texnologiyalar türk dili və ədəbiyyatının tədrisində: yeni imkanlar və çağırışlar

Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesi davam edir

İribuynuzlu heyvanların aqrar sığortası fermerlərə maliyyə risklərindən qorunmağa imkan verir

Qızıl bahalaşıb, gümüş ucuzlaşıb VİDEO

Qızıl bahalaşıb, gümüş ucuzlaşıb VİDEO

Bu gün Nizami rayonunun bir sıra ərazisinə qazın verilişi dayandırılacaq

Azərbaycan Beynəlxalq Telekommunikasiya Peyk Təşkilatının Məşvərət Komitəsinə yenidən üzv seçilib

Azərbaycan və Mərkəzi Asiya: Xəzər üzərindən genişlənən tərəfdaşlığın yeni mərhələsi TƏHLİL

Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəldi

Litva Hərbi Akademiyasının nümayəndə heyəti ölkəmizdə səfərdə olub

Səməd Vurğunun oğlu: Ola bilsin, Stalinlə söhbəti Səməd Vurğunu repressiyadan xilas edib

Bakının və Abşeronun bir sıra ərazilərində işıq olmayacaq

Azərbaycanın daha 4 cüdoçusu dünya çempionatında mübarizəyə başlayır

Astara Gömrük İdarəsinin əməkdaşları külli miqdarda narkotik vasitə aşkar ediblər

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Bəzi rayonlarda elektrik enerjisinin verilişində fasilələr olacaq

Azərbaycan nefti 4 faizədək bahalaşıb VİDEO

Azərbaycan nefti 4 faizədək bahalaşıb VİDEO

Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

Şəkinin tarixi məkanları və görməli yerləri ukraynalı uşaqlarda xoş təəssürat yaradıb

® Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin yeni təlim dalğasına qeydiyyat başladı

Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb VİDEO

Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb VİDEO

Everesti fəth edən ilk azərbaycanlı qadın alpinist: Ultramarafon mənim üçün böyük təcrübə olacaq VİDEO

Everesti fəth edən ilk azərbaycanlı qadın alpinist: Ultramarafon mənim üçün böyük təcrübə olacaq VİDEO

Prezident İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib VİDEO

Ukraynanın Priluki şəhərinə endirilən zərbə nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb

Nazirlik rəsmisi: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçı sayı ötən illə müqayisədə artıb VİDEO

Nazirlik rəsmisi: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçı sayı ötən illə müqayisədə artıb VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans davam edir

III Beynəlxalq Xankəndi Ultramarafonuna Qəbələdə start verilib YENİLƏNİB VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonuna Qəbələdə start verilib YENİLƏNİB VİDEO

Bakının bəzi yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb

CNN: Fransanın maliyyə problemləri Avropada ciddi böhrana səbəb ola bilər

Bu gün Ümumdünya Görmə Günüdür

Alimlər çox qəhvə istehlakı ilə sümük sıxlığı arasında əlaqə aşkarlayıblar

İlk dəfə məməlilərin populyasiyasının bərpası üçün Günəş elektrik stansiyasından istifadə edilir

“Nokia” Finlandiyada 250-dən çox iş yerini ixtisar etməyi planlaşdırır

“Blue Origin” kosmosda məlumat mərkəzlərinin yerləşdirilməsi üzərində işləyir

Suriya Yəmən müharibəsinə qoşulma ilə bağlı yayılan xəbərləri təkzib edib

Barro Trampın Fransadakı lisey aksiyaları ilə bağlı sözlərinə cavab verib

İran və Oman Hörmüz boğazında təhlükəsiz dəhlizlərlə bağlı razılaşmanı beynəlxalq quruma bildirəcək

Aİ ölkələri sənayeni dəstəkləməyə və yanacaq idxalından asılılığı azaltmağa çağırılıb

Husilər Bab əl-Məndəb yaxınlığında koalisiya qüvvələrinə raket zərbələri endirdiklərini bildiriblər

Tramp 7 oktyabr hücumlarının ildönümündə Netanyahu ilə telefonla danışıb

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Tramp: Nobel Sülh Mükafatını almamağım komitənin nüfuzuna xələl gətirər

Azərbaycan və Özbəkistan Xarici İşlər nazirlikləri arasında konsulluq məsləhətləşmələri aparılıb

Azərbaycanın kitab mədəniyyəti 78-ci Frankfurt Beynəlxalq Kitab Sərgisində təqdim olunur

“Lions de Geneve” klubunun basketbolçusu: Oyun üçün əsas planımız təzyiq göstərmək idi

Dizayner Ləman Süleymanova: Xalça qadın obrazına çevrilir, onun gücünü və xarakterini göstərir

İsveçrə klubunun baş məşqçisi: Rəqibi son üç ildə gördükləri işə görə təbrik edirəm

Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub

"LANDAU Lions"un baş məşqçisi: Daha aqressiv oynamalıyıq

Səfir Kamil Xasiyev etimadnaməsini Avstriya Prezidentinə təqdim edib

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub

Lerikdə iki yol qəzası baş verib, xəsarət alanlar var

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

“İsayas” tropik fırtınasının ABŞ sahilləri üçün təhlükəli qasırğaya çevriləcəyi gözlənilir

Milli Xalça Muzeyində “Tarixə toxunuş” sərgisi açılıb

Bu saata olan əsas xəbərlər

Nazir: Türkiyədə yeni sənaye zonalarının planlaşdırılması Zəngəzur dəhlizi nəzərə alınmaqla aparılır

Azərbaycanlı gənc tədqiqatçılar Antalya Konqresində ölkəmizi uğurla təmsil ediblər

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

AHİK sədri: Texnoloji tərəqqi sosialyönümlü olmalı, yeni texnologiyalar layiqli əməyə xidmət etməlidir

“SABAH.city”də AzTU-nun süni intellektəsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq

Azərbaycan cüdoçusu Bakıdakı dünya çempionatında gümüş medal qazanıb - YENİLƏNİB

Murad Hüseynov: Azərbaycanın zəngin bəstəkarlıq məktəbi dünya səhnələrində təntənə ilə təbliğ olunur

Milli İncəsənət Muzeyinin zəngin kolleksiyası və yeni layihələri media nümayəndələrinə təqdim olunub

® “Azercell” “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

Ukraynalı uşaqlar üçün ekskursiya təşkil olunub

Nazir: Şərqlə Qərb arasında dayanıqlı əlaqələrin formalaşmasında Orta Dəhlizin rolu artır

Aqrar sahə ilə bağlı qanun layihəsi Milli Məclisdə ictimai dinləməyə çıxarılıb

Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür VİDEO

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

Karyera seçimi, qərarvermə və liderlik: UNEC-in məzunu tələbələrə təcrübəsindən danışıb

ƏMAS vasitəsilə əmək hüquqlarının qorunmasına necə nəzarət edilir?

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb – QRAFİK