REGİONLAR
Vergilər naziri Qusar, Quba və Xaçmaz rayonlarından olan vətəndaşların müraciətlərini dinləyib VİDEO
Qusar, 17 iyun, Elxan Yusifli, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşları qəbul edir, onların qarşılaşdıqları problemlərin həllinə kömək göstərirlər.
AZƏRTAC xəbər verir ki, növbəti belə qəbul iyunun 17-də vergilər naziri Fazil Məmmədov tərəfindən Qusar şəhərində həyata keçirilib. Qəbul zamanı Qusar, Quba və Xaçmaz rayonlarından olan vətəndaşların müraciətlərinə baxılıb.
Qəbulda Vergi Məcəlləsinə edilmiş son dəyişikliklər, vergilərin hesablanması, ödənilməsi, əmək müqavilələrinin bağlanması, vergi borcları, vergi nəzarəti tədbirləri sahəsində sahibkarların qarşılaşdıqları problemlər, əməkhaqqı fondundan ödənilən icbari ödənişlər, vergi ödəyicilərinə göstərilən xidmətlər, vergi orqanlarına işə qəbul, yerli (bələdiyyə) vergilərin toplanması prosesində rast gəlinən müxtəlif çətinliklər və digər məsələlərlə bağlı vətəndaşların müraciətlərinə baxılıb.
Qaldırılan problemlərin əksəriyyəti yerindəcə həll olunub. Müraciətlərin bir qismi nəzarətə götürülüb, digərlərinin araşdırılması və lazımi tədbirlərin görülməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.
Qəbula gələn vətəndaşlar onlar üçün yaradılan bu imkandan razılıqlarını bildiriblər.