REGİONLAR
Ağstafada sənaye parkının təməli qoyulub VİDEO
Ağstafa, 17 iyun, AZƏRTAC
İyunun 17-də Ağstafada “Karvan-L” şirkətinin istehsal və emal müəssisələrini birləşdirən sənaye parkının təməli qoyulub.
AZƏRTAC xəbər verir ki, təməlqoyma mərasimində rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev, “Karvan-L” şirkətinin direktoru Əbülfəz Qafarov və başqaları çıxış edərək, respublikada sahibkarlığın inkişafı üçün yaradılan sağlam mühitdən danışıblar. Qeyd olunub ki, dövlətimizin başçısının sahibkarlığın inkişafına göstərdiyi diqqət və qayğı sayəsində paytaxt Bakı ilə yanaşı, regionlarda da yeni-yeni istehsal sahələri yaradılır. Nəticədə əhalinin məşğulluğu təmin olunur, insanların maddi rifah halı yaxşılaşır. Bu gün Ağstafada təməli qoyulan sənaye parkı da bunun bariz nümunəsidir.
Ümumi dəyəri 12,5 milyon manat olan “Karvan-L Eko” sənaye parkında müasir texnologiyalara əsaslanan üzvi kimya maddələrinin istehsalı, meyvə və tərəvəzin emalı, dam örtükləri və şüşə emalı, plastik tullantıların təkrar emalı müəssisələri, müasir texnoloji idarəetmə prinsiplərinə əsaslanan 5-ci nəsil istixana kompleksi, kənd təsərrüfatı məhsullarının saxlanılması və qablaşdırılması, soyuducu anbar kompleksi, həmçinin 200 hektar ərazidə yeni aqrotexniki üsullarla üzüm, ərik, xurma və digər meyvə bağlarının salınması nəzərdə tutulur. Layihənin icra edilməsi nəticəsində 300 nəfər işlə təmin olunacaq, mövsümü işlərə isə 1000 nəfərin cəlb ediləcəyi gözlənilir. Bakı Qazax avtomobil yolunun kənarında inşası nəzərdə tutulan sənaye parkının ərazisində abadlıq və yaşıllıq işləri aparılacaq, gələcəkdə yeni otel infrastrukturu yaradılacaq.
“Karvan-L Eko” sənaye parkının layihəsinə daxil olan kənd təsərrüfatı məhsulları tullantılarının emalı və üzvi kimyəvi məhsulların istehsalı, 5-ci nəsil texnoloji idarəetməyə əsaslanan istixana kompleksinin, inşaat materialları (dəmir dam örtükləri, plastik və şüşə materialları) istehsalı müəssisələrinin bu ilin sentyabrında istifadəyə verilməsi planlaşdırılır.
Layihəyə daxil olan plastik tullantıların təkrar emalı müəssisəsi, kənd təsərrüfatı məhsullarının marketinqi və soyuducu anbar kompleksi, 200 hektarlıq meyvə və üzüm bağlarından ibarət iri fermer təsərrüfatı isə gələn ilin dekabrında istifadəyə veriləcək. Layihə tam olaraq özəl investisiya hesabına icra olunur.