REGİONLAR
Cəlilabadda İncəçay su anbarı əsaslı təmir olunur VİDEO
Cəlilabad, 16 sentyabr, İ.Adıyev, AZƏRTAC
Cəlilabadda İncəçay su anbarında əsaslı təmir işlərinə başlanılıb. Bununla da rayonun bir çox kəndlərində yaz və yay aylarında əkinlərin suvarılmasında yaşanan çətinliklər aradan qaldırılacaq. 7 milyon kubmetr su tutumu olan İncəçay su anbarı ilə bir çox kəndi birləşdirən 12 kilometr uzunluğundakı beton kanallar da tamamilə yenilənəcək.
Cəlilabad Suvarma Sistemləri İdarəsinin əməkdaşı Mirağa Həsənov AZƏRTAC-a bildirib ki, su anbarının bəndində eroziyaya uğrayaraq qəzalı vəziyyətə düşmüş hissələrdə betonlama işləri aparılır.
Ötən əsrin 80-ci illərində inşa olunmuş İncəçay su anbarından istifadə nəticəsində hələ sovetlər dövründə rayonun Adnalı, Gülməmmədli, Şiləvəngə kəndlərində geniş tütünçülük və üzümçülük təsərrüfatları yaradılmışdı. Su hövzəsində aparılan yenidənqurma işləri sözügedən ərazilərdə kənd təsərrüfatını yenidən canlandıracaq.
Əkin sahələrinin suvarılmasından başqa, burada balıqçılıq təsərrüfatının yaradılması üçün də münbit şərait var.