ELM VƏ TƏHSİL
“Əmir Xosrov Dəhləvi” kitabı çap olunub
Bakı, 4 aprel, AZƏRTAC
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən “Əmir Xosrov Dəhləvi” monoqrafiyası “Elm və təhsil” nəşriyyatında çapdan çıxıb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, Ortaq başlanğıc və intibah dövrü Azərbaycan ədəbiyyatı şöbəsində hazırlanmış kitab “Sənətkarın elmi pasportu seriyası”nın 39-cu nəşridir. Kitabın elmi redaktoru AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, “Ön söz”ünün müəllifi və məsul redaktor filologiya elmləri doktoru, professor İmamverdi Həmidov, rəyçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Könül Hacıyevadır.
Kollektiv monoqrafiyada Nizami Gəncəvinin layiqli davamçılarından biri - Hindistanda farsdilli ədəbiyyatın tanınmış nümayəndəsi Əmir Xosrov Dəhləvinin dövrü, həyatı, əsərləri və sənətkarlığı elmi cəhətdən öyrənilir. Kitabda şairin əsərlərində Nizami Gəncəvi “Xəmsə”sinin təsiri, habelə ölkəmizdə Dəhləvi irsinin tədqiqi, tərcüməsi və nəşri sahəsində Azərbaycan alimlərinin gördüyü işlər dəyərləndirilir.
Nəşrdəki araşdırmalar Ədəbiyyat İnstitutunun alimlərindən İmamverdi Həmidov, Könül Hacıyeva, Nüşabə Araslı, Zəhra Allahverdiyeva, Vəfa Hacıyeva və Bəsirə Əzizəliyevaya məxsusdur. Kitabda, həmçinin Dəhləvinin “Şirin və Xosrov” əsərindən parçalar yer alıb.