SİYASƏT
Azərbaycan etibarlı tərəfdaş kimi də Avropada yüksək nüfuza malikdir
Bakı, 26 aprel, AZƏRTAC
Məlum olduğu kimi, Azərbaycan hazırda öz iqtisadiyyatını daha da gücləndirməklə yanaşı, işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı tikinti quruculuq işləri aparır, minalardan təmizləmə işləri həyata keçirir. Bütün bunlar isə milyardlarla dollarlara başa gəlir. Azərbaycan hər şeyi heç bir kənar qüvvənin dəstəyi olmadan öz daxili imkanları hesabına edir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
Deputat qeyd edib ki, iqtisadi göstəricilərimiz bununla yekunlaşmır. Azərbaycan öz iqtisadi, hərbi qüdrətini, regionda və dünyada nüfuzunu artırır. Təsadüfi deyil ki, bu gün Avropanın enerji ilə təminatında əsas rollardan birini məhz Azərbaycan oynayır. Elə aprelin 25-də Bolqarıstan, Rumıniya, Macarıstan, Slovakiyanın ötürücü sistem operatorları ilə SOCAR arasında Anlaşma Memorandumunun imzalanması da deyilənləri təsdiqləyir.
Vüqar İskəndərov diqqətə çatdırıb ki, bu gün Azərbaycan Avropanın enerji mənbələrinin diversifikasiyasında və enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Azərbaycan, eyni zamanda, etibarlı tərəfdaş kimi də Avropada yüksək nüfuza malikdir. Sözügedən imzalanma mərasimindəki çıxışlar da bunu bir daha təsdiqləyir.
“Qeyd etmək yerinə düşər ki, Avropa İttifaqının energetika məsələləri üzrə komissarı xanım Kadri Simson videomüraciətində bu məqamın üzərində xüsusi olaraq dayandı. Xanım Simson imzalanmış Anlaşma Memorandumunun regiona əlavə qaz təchizatı baxımından alternativ marşrutlar üçün çərçivə təmin edəcəyini vurğulamaqla yanaşı, bu məsələdə Azərbaycanın roluna da toxundu. O, “Azərbaycan Avropa İttifaqının etibarlı tərəfdaşı olduğunu sübuta yetirdi. Bu qış enerji təchizatının təhlükəsizliyini təmin etmək üçün Azərbaycan tərəfindən enerji təchizatı həlledici olmuşdur. Komissiya Xəzər dənizindən təbii qazın Mərkəzi və Şərqi Avropaya çatdırılması üçün alternativ marşrutların təmin edilməsi üzrə əlavə səyləri dəstəkləyir” deməklə Avropanın ölkəmizə marağını ifadə etdi. Hesab edirəm ki, təkcə bu çıxış Azərbaycana Avropada necə yüksək dəyər verildiyini açıq şəkildə nümayiş etdirir. Təbii ki, bu uğurların, bizə olan bu yüksək inamın və verilən dəyərin arxasında Prezident İlham Əliyevin qətiyyətli və uzaqgörən siyasəti dayanır”, - deyə Milli Məclisin deputatı diqqətə çatdırıb.