Baş direktor: Polşa, Niderland və İtaliya ən güclü güləşçiləri ilə Bakıya gəlib
Bakı, 20 avqust, AZƏRTAC
Əvvəlcə 40 ölkə dünya çempionatında iştirak üçün müraciət etmişdi. Lakin siyasi və viza məsələləri ilə əlaqədar Dünya Güləş Birliyi 24 ölkənin iştirakını təsdiqləyib.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Qazax Güləşi Assosiasiyasının baş direktoru Meyirjan Bereketov Bakıda keçiriləcək dünya çempionatı barədə danışarkən deyib.
O, Polşa, Niderland, İtaliya, İran, Qırğızıstan və Azərbaycan kimi ölkələrin yarışda tam heyətlə çıxış edəcəyini bildirib: “Polşa, Niderland və İtaliya ən güclü idmançıları ilə Bakıya gəlib. Bizim üçün iştirakçıların sayı deyil, keyfiyyəti önəmlidir”.
O, həmçinin qazax güləşinin Dünya Köçəri Oyunlarının proqramına daxil edildiyini qeyd edib: “Dünya Köçəri Oyunları sonuncu dəfə Qazaxıstanda təşkil olunmuşdu. Həmin vaxt bəzi ölkələrlə müqavilələr imzaladıq. Məqsədimiz gələn il təşkil olunacaq Etnosport Oyunlarında iştirak etməkdir”.
Qeyd edək ki, avqustun 22-23-də Bakı İdman Sarayında təşkil olunacaq dünya çempionatına 24 ölkədən ümumilikdə 200-ə yaxın idmançı qatılacaq.
Azərbaycan yarışda 8 qız və 8 oğlan olmaqla, ümumilikdə 16 güləşçi ilə təmsil olunacaq. Kişilərin mübarizəsində Elşən Dünyamalıyev (55 kiloqram), Eyvaz Baxşıyev (60 kiloqram), Mirfəttah Seyidəliyev (65 kiloqram), Elvin Bağırov ( 74 kiloqram), Adil Adilzadə (90 kiloqram), Tuncay Şamil (100 kiloqram) və Məmməd Məmmədzadə ( +100 kiloqram), qadınlar arasında isə Mələkxanım Məmmədova (48 kiloqram), Aynur Əfəndiyeva ( 52 kiloqram), Fidan Hüseynova (56 kiloqram), Leyla Atayeva (60 kiloqram), Məryəm Mehdiyeva (65 kiloqram), Günel Həsənli (70 kiloqram), Diana Şoranova (77 kiloqram) və Nigar Süleymanova (+77 kiloqram) çıxış edəcəklər.
Müxbir - Cavid Əliyev