Bəyimxanım Cavanşirova-Verdiyeva: Xan Şuşinski irsini yaşadır, milli musiqimizi dünyada təbliğ edirik
Bakı, 20 avqust, AZƏRTAC
Xan Şuşinski Fondu təsis edildiyi ilk gündən dövlətimizin diqqət və qayğısı ilə əhatə olunub. Bu il Fondun yaranmasının 15-ci ildönümüdür. Ötən illər ərzində Xan Şuşinski irsinin yaşadılması və gələcək nəsillərə ötürülməsi, eləcə də milli musiqimizin dünyada təbliği istiqamətində bir sıra mühüm və yaddaqalan layihələr həyata keçirmişik.
Bunu AZƏRTAC-a açıqlamasında Xan Şuşinski Fondunun prezidenti, görkəmli muğam ifaçısı Xan Şuşinskinin qızı Bəyimxanım Cavanşirova-Verdiyeva deyib.
O, fondun əsas məqsədinin Xan Şuşinskinin zəngin irsini yaşatmaq və tanıtmaq, onun sənət ənənələrini və yaradıcılıq irsini gələcək nəsillərə çatdırmaq olduğunu bildirib: “Bu illər ərzində yalnız Xan Şuşinski irsinin təbliği ilə kifayətlənməmiş, həmçinin Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndələrinin yaradıcılığının yaşadılması istiqamətində də mühüm layihələr həyata keçirmişik. Öz təşəbbüsümüzlə 20-yə yaxın ustad sənətkarın xatirə və yaradıcılıq gecələrini, yubiley tədbirlərini təşkil etmişik”, – deyə Bəyimxanım Cavanşirova-Verdiyeva bildirib.

Fond rəhbərinin sözlərinə görə, təşkilat ölkə daxilində milli musiqinin təbliği və inkişafına xidmət edən çoxsaylı tədbirlər gerçəkləşdirib. Bakı, Gəncə, Xaçmaz, Lənkəran və Horadizdə müxtəlif layihələr reallaşdırılıb. Həmçinin Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə respublika üzrə müsabiqələr keçirilərək onlarla istedadlı gəncin tanınmasına və yaradıcılığının işıqlandırılmasına şərait yaradılıb.
B. Cavanşirova-Verdiyeva Fondun beynəlxalq miqyasdakı fəaliyyətinə də toxunaraq vurğulayıb ki, London, Lion, Roma, Milan, Madrid, Barselona, Haaqa, Sarayevo, Vyana, Praqa, Budapeşt, eləcə də Brüssel şəhərlərində uğurlu layihələr həyata keçirilib və bu fəaliyyətə görə təşkilat fəxri fərmanlarla təltif olunub: “Əsas məqsədimiz milli musiqimizin zənginliyini daha geniş auditoriyaya çatdırmaq, gənc nəslin muğama və xalq musiqisinə marağını artırmaqdır”.
Müxbir – Gülay Nəzərova