Milli musiqimiz Pekində təbliğ olunacaq
Bakı, 20 avqust, AZƏRTAC
Xan Şuşinski Fondu beynəlxalq layihələrə xüsusi önəm verir və milli musiqimizin, xüsusilə muğam sənətimizin xarici ölkələrdə təbliği istiqamətində fəaliyyətini davam etdirir. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə Xan Şuşinski Fondu sentyabrın 18-də Pekin şəhərində keçiriləcək böyük mədəniyyət tədbirində ölkəmizi təmsil etməyi planlaşdırır. İnanırıq ki, bu layihə də milli musiqimizin və muğam sənətimizin beynəlxalq səviyyədə tanıdılması baxımından mühüm əhəmiyyət daşıyacaq.
Bunu AZƏRTAC-a açıqlamasında Xan Şuşinski Fondunun prezidenti, görkəmli muğam ifaçısı Xan Şuşinskinin qızı Bəyimxanım Cavanşirova-Verdiyeva deyib.
Fondun rəhbəri Xan Şuşinskinin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı arzusunu da bölüşüb. O bildirib ki, ən böyük arzularından biri sənətkarın doğulub boya-başa çatdığı doğma Qarabağın zümrüd tacı Şuşa şəhərində, eləcə də yaşayıb-yaratdığı Bakıda Xan Şuşinskinin ev-muzeyinin yaradılmasıdır.

“Nə qədər ki, Azərbaycan muğamı var, Xan adı da yaşayacaq. Bu sənətin yaşadılmasında dövlətimizin göstərdiyi diqqət və qayğı, milli-mədəni irsimizə verdiyi yüksək dəyər, eləcə də xalqımızın muğam sənətinə olan sonsuz sevgisi mühüm rol oynayır”, – deyə Bəyimxanım Cavanşirova-Verdiyeva vurğulayıb.
O əlavə edib ki, Xan Şuşinskinin Azərbaycan musiqi mədəniyyətinin inkişafında və muğam sənətinin gələcək nəsillərə ötürülməsində böyük xidmətləri olub. Görkəmli xanəndə ömrünün sonunadək Azərbaycan muğamının inkişafına, gənc ifaçıların püxtələşməsinə və milli musiqi irsimizin qorunmasına böyük töhfələr verib. Onun zəngin yaradıcılıq irsi bu gün də Azərbaycan musiqi mədəniyyətinin ayrılmaz hissəsi kimi yaşamaqda davam edir.
Müxbir – Gülay Nəzərova