Nazim Cəfərsoy: TRIPP-in reallaşması Orta Dəhlizin strateji əhəmiyyətini daha da artıracaq
Bakı, 20 avqust, AZƏRTAC
TRIPP layihəsinin, digər adı ilə Zəngəzur dəhlizinin həyata keçirilməsi Orta Dəhliz üçün çox ciddi strateji əhəmiyyət daşıyan məsələdir. Orta Dəhlizin mövcudluğu və onun Cənubi Qafqaz üzərindən keçməsi birbaşa bu bağlantının formalaşması ilə əlaqəlidir. Xüsusilə son dövrdə Şərq-Qərb istiqamətində mövcud alternativ marşrutlarda yaranan müxtəlif problemlər fonunda Orta Dəhlizin strateji əhəmiyyəti getdikcə artır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin sədr müavini, siyasi ekspert Nazim Cəfərsoy deyib.
Ekspert bildirib ki, hazırda Şərqlə Qərb arasında yükdaşımaları həyata keçirən şimal istiqamətli marşrutlarda müxtəlif məhdudiyyətlər mövcuddur. "Rusiyanın ərazisindən keçən quru marşrutu geosiyasi proseslər, xüsusilə Rusiya-Ukrayna müharibəsi fonunda əlavə risklərlə üzləşir. Arktikadan, Şimal Buzlu okeanından keçən Şimal Dəniz Yolu isə əsasən iqlim və coğrafi şərtlərlə bağlı özünəməxsus məhdudiyyətlərə malikdir. Cənub istiqamətində isə regionda baş verən geosiyasi proseslər və təhlükəsizlik məsələləri alternativ marşrutların əhəmiyyətini daha da artırır.
Bütün bunların fonunda Orta Dəhlizin strateji əhəmiyyəti getdikcə yüksəlir. Orta Dəhlizin quru bağlantısının təmin edilməsi və logistikanın daha səmərəli təşkil olunması baxımından TRIPP həyati əhəmiyyət daşıyır. Burada söhbət təkcə dəmir yolundan və ya avtomobil yolundan getmir. Biz bu iki nəqliyyat vasitəsini birlikdə nəzərdən keçirməliyik. Çünki müasir logistika sistemində multimodal bağlantı və marşrutların bir-birini tamamlaması əsas məsələlərdəndir”, – deyə N.Cəfərsoy vurğulayıb.
Siyasi ekspert qeyd edib ki, Azərbaycanın Orta Dəhlizin inkişafı baxımından mühüm üstünlüklərindən biri Xəzər dənizini keçdikdən sonra yük axınlarına bir neçə alternativ istiqamət təqdim edə bilməsidir.
“Azərbaycanın burada, əslində, Orta Dəhliz üçün üç mühüm istiqamət təklif etmək imkanları var. Birinci istiqamət Xəzər dənizini keçdikdən sonra Azərbaycan ərazisindən Gürcüstan üzərindən Türkiyəyə və Avropaya uzanan marşrutdur. Bu xətt artıq fəaliyyət göstərir. Hazırda onun ötürücülük imkanlarının genişləndirilməsi istiqamətində də işlər aparılır və əvvəllər təxminən 1 milyon ton olan göstəricinin 5 milyon tona qədər artırılması mühüm inkişafdır. İkinci istiqamət Azərbaycan–Araz dəhlizi kimi nəzərdən keçirilə biləcək marşrutdur. Azərbaycan bu istiqamətdə İranla əməkdaşlıq çərçivəsində mühüm layihələr həyata keçirir.
Hazırda Ağbənd istiqamətində bu sahədə işlər görülür. Burada körpünün tikintisi, dəmir yolu və avtomobil yolu bağlantılarının yaradılması istiqamətində layihələr həyata keçirilir. Beləliklə, Azərbaycan Xəzəri keçdikdən sonra yük axınlarının cənub istiqamətində hərəkəti üçün də əlavə imkan formalaşdırır”, – deyə N.Cəfərsoy diqqətə çatdırıb.
O qeyd edib ki, Orta Dəhlizin əhatə etdiyi coğrafiya yalnız ayrı-ayrı ölkələr arasında nəqliyyat bağlantısı ilə məhdudlaşmır. Bu dəhliz Mərkəzi Asiyadan Xəzər hövzəsinə, Cənubi Qafqazdan Türkiyəyə və Avropaya qədər geniş iqtisadi məkanı bir-biri ilə əlaqələndirir.
“Orta Dəhliz haqqında danışarkən biz faktiki olaraq çox böyük bir coğrafiyanı və milyardlarla insanın yaşadığı ölkələrin iqtisadiyyatları arasında əməkdaşlıq imkanlarını nəzərdə tuturuq. Buna görə də bu marşrutun inkişafını yalnız nəqliyyat layihəsi kimi qiymətləndirmək düzgün olmaz. Burada söhbət daha geniş iqtisadi əlaqələrin, ticarət zəncirlərinin, investisiya və xidmət sektorlarının formalaşmasından gedir. Belə bir bağlantı sisteminin formalaşması Naxçıvanın iqtisadi və geosiyasi mövqeyinə də ciddi təsir göstərə bilər.
Təbii ki, bu proses ilk növbədə Naxçıvan üçün mühüm imkanlar yaradacaq. Uzun illər Azərbaycanın əsas ərazisindən coğrafi baxımdan ayrı vəziyyətdə olan Naxçıvan yeni nəqliyyat bağlantılarının formalaşması ilə regionun mühüm logistika və iqtisadi mərkəzlərindən birinə çevrilə bilər. Lakin bunun təsiri yalnız Naxçıvanla məhdudlaşmayacaq. Azərbaycan, bütövlükdə Cənubi Qafqaz və Xəzər regionu da bu yeni bağlantı arxitekturasından ciddi iqtisadi dividendlər əldə edə bilər. Nəqliyyat əlaqələrinin genişlənməsi uzunmüddətli perspektivdə regionda siyasi və iqtisadi inteqrasiya proseslərini də sürətləndirə bilər.
Bu proses Naxçıvanın, Azərbaycanın və bütövlükdə Türk dünyasının siyasi, iqtisadi və mədəni inteqrasiyası baxımından da geniş imkanlar ortaya qoyacaq. Nəqliyyat bağlantısı ilk mərhələdə yolları və dəmir yollarını birləşdirir, lakin son nəticədə insanları, bazarları, investisiyaları və cəmiyyətləri bir-birinə yaxınlaşdırır. Ona görə də TRIPP-in reallaşması yalnız yeni bir marşrutun açılması deyil, regionun iqtisadi və geosiyasi inteqrasiyasını yeni mərhələyə daşıya biləcək mühüm hadisədir”, – deyə Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin sədr müavini fikirlərini yekunlaşdırıb.