REGİONLAR
Balakənli fermerlər indiyədək sahələrdən 100 tondan çox tütün yarpağı dəriblər
Balakən, 7 iyul, Mustafa Dadaşov, AZƏRTAC
Balakən rayonunun təsərrüfatlarında tütün yığımı davam edir. Təsərrüfatçılar indiyədək sahələrdən 100 tondan çox yaş tütün yarpağı dəriblər. Yığılan yaşıl kütlənin 93 tonu “Virciniya botaniki”, 8 tonu isə yerli “İmmuniy” növlü tütündür.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Balakən Rayon İcra Hakimiyyəti aparatının sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Turan Dibirov məlumat verib.
Qurum rəsmisinin sözlərinə görə, bu il rayonun təsərrüfatlarında 425 hektar sahədə tütün əkilib. Balakənli fermerlər cari mövsümdə 389,5 hektar sahədə “Virciniya botaniki”, 3 hektarda “Berley ətirli” və 32,5 hektarda yerli “İmmuniy” növlü tütün sortları yetişdirirlər.
“Virciniya botaniki” növlü yaş tütün qurudulmaq üçün sahələrdən birbaşa “Azərtütün ASK” MMC-nin rayonda fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqəsinə gətirilərək qurutma kameralarına yerləşdirilir. Yerli sort tütün yarpağı isə istehsalçıların özləri tərəfindən ipə düzülərək qurudulur.
Qurum rəsmisi bildirib ki, Kortala kəndindən Ceyhun Mərdanov indiyədək emal məntəqəsinə 8,5 ton yaş tütün kütləsi təhvil verib. Təsərrüfatçı “Azərtütün ASK” MMC ilə bağlanmış müqaviləyə əsasən, bu il 9,3 hektar sahədə “Virciniya botaniki” növ tütün yetişdirir. Talalar kəndindən olan fermerlər İmran Cumayev indiyədək emal məntəqəsinə 6 ton, Nüsrət Əsgərov 3,6 ton, Püştətala kəndindən Şamsu Bayramova isə 4,5 ton yaş tütün təhvil verib.