CƏMİYYƏT


Beş günlük körpənin ürək qüsuru uğurla aradan qaldırılıb

Bakı, 22 noyabr, AZƏRTAC

Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, Mərkəzi Klinik Xəstəxananın baş həkimi, ürək-damar cərrahı professor Kamran Musayev və komandası tərəfindən çəkisi 3,2 kiloqram olan 5 günlük körpədə mürəkkəb ürək qüsuru əməliyyat edilərək uğurla aradan qaldırılıb.

AZƏRTAC xəbər verir ki, əməliyyatı uğurla icra edən Kamran Musayev yeni doğulmuş körpənin mürəkkəb anadangəlmə ürək qüsuru ilə doğuşdan iki gün sonra müayinəyə gətirildiyini və təcili əməliyyat göstərişi ilə xəstəxanaya yerləşdirildiyini bildirib.

“Yeni doğulmuş və çəkisi 3,2 kiloqram olan körpəmiz bizə mürəkkəb anadangəlmə ürək qüsuru ilə müraciət edib. Apardığımız müayinələrin nəticəsində xəstənin aorta qövsünün kəsilməsi, mədəciklərarası və qulaqcıqlararası çəpərin defekti və açıq botal axacağı diaqnozu müəyyənləşib. Bu problemlə doğulan körpələrin doğuşdan sonrakı bir ay ərzində ölüm riski yüksək olduğuna görə, təcili cərrahi müdaxilə qərarı verilib və lazımi hazırlıq prosedurlarından sonra körpə əməliyyata götürülüb. Bu cür xəstələrin əməliyyatında müxtəlif yanaşmalar var. Əsas yanaşma ondan ibarətdir ki, biz xəstəni bir və iki mərhələli əməliyyat edə bilərik. Sadəcə aorta qövsündəki problemini aradan qaldırıb ürək daxilindəki qüsurları saxlayaraq iki mərhələli və ya tək mərhələdə həm ürək daxilindəki qüsurlar, həm də aorta qövsünün kəsilməsi ortadan qaldırıla bilər. Biz tək mərhələli yanaşmanı seçdik və hər iki qüsuru aradan qaldırdıq. Əməliyyat beyin damarları xaric, digər damarlarda qan dövranının dayandırılması ilə həyata keçirilir. Ona görə də beş günlük körpədə belə bir əməliyyatın keçirilməsi kifayət qədər çətin və mürəkkəb prosesdir”, - deyə K.Musayev bildirib.

Əməliyyatdan öncə bədəninin üçdə ikisinə arterial qan çatmayan xəstənin əməliyyatdan sonra normal anatomiyasının bərpa olunduğunu deyən professor xəstədə həm ürək xarici, həm də ürəkdaxili qüsurların aradan qaldırıldığını qeyd edib. Bildirib ki, əməliyyat zamanı aortanın qövsündəki kəsilmə aradan qaldırılıb, aorta, aorta qövsü və şaxələrinin normal anatomiyası bərpa olunub, eyni zamanda ürək daxilindəki həm mədələrarası, həm də qulaqcıqlararsı çəpərdəki defekt götürülüb: “Əməliyyatdan sonrakı gedişatda xəstə əvvəlcə reanimasiyada, daha sonra palatada müalicəsini davam etdirib və heç bir problem yaşanmadığı üçün xəstə bu günlərdə evə buraxılıb”.

K.Musayev deyib ki, anadangəlmə ürək qüsuru ilə doğulan uşaqların sonrakı ömrünü sağlam davam etdirə bilməsi üçün erkən diaqnostika və müdaxilə çox vacibdir. Professor, həmçinin valideynlərə bu dövrlərdə uşaqlarla daha ciddi davranmağı tövsiyə edib.

Məlumata əsasən, körpələrdə bu cür mürəkkəb əməliyyatların uğurla icra olunması bu sahədə təcrübəli mərkəzlərdə həyata keçirilə bilər, çünki əməliyyatın icrası üçün həm infrastruktur, həm də peşəkar mütəxəssis heyəti olmalıdır. Sevindirici haldır ki, bu cür mürəkkəb əməliyyatlar ölkəmizin aparıcı səhiyyə müəssisələrindən biri olan Mərkəzi Klinik Xəstəxanada, həm də milli kadrlar tərəfindən uğurla icra olunur. Bu, ölkədə səhiyyənin və ürək-damar cərrahiyyəsinin inkişafını göstərən ən yaxşı göstəricilərdən biridir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.