Azərbaycan və Özbəkistan arasında işgüzar əməkdaşlığa dəstək artır
Bakı, 17 iyun, AZƏRTAC
Bakı Ekspo Mərkəzində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “Marsol Group”un təşkilatçılığı ilə “7-ci Yerli Şirkətlərin Tanıtım Sərgisi” davam edir.
AZƏRTAC xəbər verir ki, Azərbaycan və Özbəkistan sahibkarlarını bir araya gətirən biznes klubu və platforması olan “Networkstan” da sərgidə təmsil olunan şirkətlər sırasında yer alır.
Şirkət sahibkarlara etibarlı tərəfdaşlar tapmaqda, işgüzar əlaqələr qurmaqda və yeni bazarlara çıxmaqda dəstək göstərir. Platforma, həmçinin biznes görüşləri və sərgilər təşkil edir, sahibkarlara konsultasiya xidmətləri təqdim edir.
Şirkət biznesin müxtəlif mərhələlərində sahibkarları müşayiət edir, onlara faydalı əlaqələr qurmaq və beynəlxalq bazarlara çıxış imkanlarını genişləndirmək istiqamətində dəstək verir.
Ümumiyyətlə, 4 gün davam edəcək sərgidə qida, informasiya-kommunikasiya texnologiyaları, təhsil, inşaat, sənaye, kənd təsərrüfatı, logistika, tekstil və digər sahələrdə fəaliyyət göstərən 300-dən çox yerli şirkət öz məhsul və xidmətlərini nümayiş etdirir.
Sərginin keçirilməsində məqsəd Azərbaycan şirkətlərinin fəaliyyətini geniş kütləyə tanıtmaq, onlar üçün yeni bazarlar açmaq və şirkətlər arasında əməkdaşlığı inkişaf etdirməkdən ibarətdir.