İİB rəsmisi: AIDA–İİB tərəfdaşlığı təşəbbüslərin real nəticələrə çevrilməsinə şərait yaradır
Bakı, 17 iyun, AZƏRTAC
Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyi (AIDA) ilə İslam İnkişaf Bankı (İİB) arasında imzalanmış Anlaşma Memorandumu birgə layihələrin həyata keçirilməsi, ekspert mübadiləsi, birgə maliyyələşdirmə mexanizmləri və fəaliyyət planlarının hazırlanması üçün çərçivə yaradır.
AZƏRTAC xəbər verir ki, bu sözləri İslam İnkişaf Bankı Qrupunun Türkiyə Regional Mərkəzinin direktoru Valid Əbdülvahab İİB Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində keçirilən “Yüksək Səviyyəli Dialoq: “Yardımdan daha çox potensialın inkişafı” – Dayanıqlılıq və davamlı inkişaf naminə beynəlxalq texniki yardım üzrə AIDA–İİB tərəfdaşlığı” adlı sessiyada çıxışı zamanı deyib.
O bildirib ki, davamlı inkişaf sahəsində uğurlu nəticələrin əldə olunması üçün peşəkar insan resursları, güclü institutlar və uzunmüddətli tərəfdaşlıqların formalaşdırılması mühüm əhəmiyyət daşıyır.
“Bu əməkdaşlıq İİB-nin maliyyə imkanları və ölkələrlə əlaqələrini AIDA-nın texniki bilik və təcrübəsi ilə birləşdirərək təşəbbüslərin real nəticələrə çevrilməsinə şərait yaradır. Potensialın inkişafı ölkələrin qısamüddətli dəstək deyil, uzunmüddətli və dayanıqlı nəticələr əldə etməsinə xidmət etməlidir. Bu baxımdan tərəfdaş qurumlar arasında əməkdaşlığın daha da genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır”,- deyə o bildirib.