Beynəlxalq Türk Akademiyasının prezidenti Türk Dövlətləri Təşkilatının Baş katibi ilə görüşüb
Nur-Sultan, 21 fevral, AZƏRTAC
Beynəlxalq Türk Akademiyasının (BTA) prezidenti Darxan Kıdırəli Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Bağdad Amreyev ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Qazaxıstana səfəri çərçivəsində TDT-nin Baş katibi Bağdad Amreyev Akademiyanın yeni binasını ziyarət edib, Türk Muzeyi və Türk Kitabxanası ilə tanış olub.
Görüş zamanı Türk Dövlətləri Təşkilatının gündəliyində duran mühüm məsələlər müzakirə olunub, gələcək fəaliyyətlə bağlı fikir mübadiləsi aparılıb.
Akademiya prezidenti TDT Baş katibini Qazaxıstanın “Xalqın sevimlisi” milli mükafatına layiq görülməsi münasibətilə təbrik edib.
BTA-nın yeni bina ilə təmin olunması münasibətilə təbriklərini çatdıran Baş katib, Akademiyanın türk dünyasının inteqrasiyası sahəsində gördüyü işləri yüksək qiymətləndirib.
Görüşdə Beynəlxalq Türk Akademiyasının vitse-prezidenti Füzuli Məcidli və Qazaxıstan Xarici İşlər Nazirliyi Yaxın Şərq və Afrika Departamentinin Çoxtərəfli Əməkdaşlıq şöbəsinin müdiri Merey Mukajan da iştirak ediblər.
Görüşün sonunda qonağa BTA-nın qiymətli nəşrləri hədiyyə edilib.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan