Bakıda “Qarabağ və Şərqi Zəngəzurda urbisid, mina çirklənməsi və dirçələn həyat” mövzusunda fotosərgi
Bakı, 12 may, AZƏRTAC
“Bakı Şəhərsalma Həftəsi”nin ilk günü QHT Agentliyinin xətti ilə paytaxtın mərkəzi hissəsində - Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qarşısında - açıq səma altında sərgi təşkil olunub.
AZƏRTAC xəbər verir ki, “Gilavar Foto Klubu” İctimai Birliyinin “Qarabağ və Şərqi Zəngəzurda urbisid, mina çirklənməsi və dirçələn həyat” mövzusunda fotosərgisi böyük maraqla qarşılanıb.
Fotolarda nümayiş olunan real hadisələr, təsirli insan hekayələri barədə ətraflı məlumat QR kod vasitəsilə xarici dillərdə təqdim edilib.
Qeyd edək ki, 2025-ci ildə QHT Agentliyinin dəstəyi ilə “Gilavar Foto Klubu” İctimai Birliyi Almaniyanın Münxen və Nürnberq, Fransanın Paris, Belçikanın Brüssel, Niderlandın Haaqa şəhərlərində Azərbaycanın mina probleminə dair fotosərgilər keçirib.
2026-cı ildə QHT Agentliyi ilə Qarabağ Dirçəliş Fondunun birgə elan etdiyi qrant müsabiqəsinin qalibi olan “Gilavar Foto Klubu” İctimai Birliyi bu layihə çərçivəsində qarşıdakı aylarda İsveçrə, İtaliya, Avstriya, Xorvatiya, Sloveniya və Vyetnamda mina mövzusunda analoji fotosərgilərin təşkilini planlaşdırır.