Gənc startapçı: Qlobal texnologiya ekosistemində platformaəsaslı yanaşma ön plana çıxıb - MÜSAHİBƏ
Bakı, 11 may, AZƏRTAC
ABŞ-də keçirilən “NVIDIA GTC 2026” konfransında iştirak etmək, eyni zamanda, “Google”, “Meta”, “Apple”, “NVIDIA” və Stanford kimi qabaqcıl texnologiya mərkəzlərini ziyarət etmək mənim üçün həm texniki, həm də strateji baxımdan olduqca dəyərli təcrübə oldu.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Prezident mükafatçısı, ADA Universitetinin tələbəsi, bir sıra uğurlu startapların həmtəsisçisi Nihat Abdullayev deyib.
O bildirib ki, “NVIDIA GTC 2026” çərçivəsində əldə etdiyi “Professional – Agentic AI” və müxtəlif başlanğıc səviyyəli “NVIDIA” sertifikatları süni intellekt sahəsində praktik bacarıqların əhəmiyyətini bir daha təsdiqləyib.
“NVIDIA” sertifikat proqramları yalnız nəzəri bilikləri deyil, real biznes ssenarilərində AI əsaslı sistemlərin qurulması, miqyaslandırılması, idarə olunması və sistem dizaynı yanaşmalarını qiymətləndirir. Bu da göstərir ki, müasir dövrdə süni intellekt sahəsində uğur üçün texniki biliklə yanaşı, praktik tətbiq və strateji düşüncə də əsas rol oynayır”, – deyə N.Abdullayev vurğulayıb.
Onun sözlərinə görə, ABŞ-də olarkən diqqətini çəkən əsas məqamlardan biri qlobal texnologiya ekosistemində platforma əsaslı yanaşmanın ön plana çıxması olub.
“Artıq məqsəd yalnız ayrıca süni intellekt məhsulu yaratmaq deyil. Qlobal texnologiya şirkətləri müxtəlif süni intellekt agentlərin, modellərin və sistemlərin üzərində qurula biləcək çevik və genişmiqyaslı platformaların formalaşdırılmasına fokuslanırlar”, – deyə o qeyd edib.
Nihat Abdullayev bildirib ki, bu yanaşma onun çalışdığı “Azerconnect Group” daxilində həyata keçirilən strategiya ilə də üst-üstə düşür. Hazırda şirkətdə süni intellekt üç əsas istiqamət üzrə sistemli şəkildə inkişaf etdirilir.
“Birinci istiqamət süni intellekt infrastrukturu və hesablama qatlarıdır. Burada məqsəd yüksək performanslı və miqyaslana bilən AI mühitinin yaradılmasıdır. İkinci istiqamət “foundational” model yanaşması və “agentic” sistemlərin qurulmasıdır. Bu, süni intellektin əsas “beyin” qatının formalaşdırılmasını nəzərdə tutur. Üçüncü istiqamət isə real biznes tətbiqləridir. Buraya chatbotlar, voicebotlar, biznes proseslərinin avtomatlaşdırılması və qərarvermə sistemləri kimi AI əsaslı həllər daxildir”, – deyə o bildirib.
Müsahib qeyd edib ki, əsas məqsəd yalnız süni intellekt texnologiyalarını tətbiq etmək deyil, şirkət daxilində dayanıqlı və miqyaslana bilən süni intellekt ekosistemi qurmaqdır.
Onun fikrincə, “NVIDIA GTC 2026” çərçivəsində müşahidə olunan əsas trendlər – “Agentic AI”, multimodal sistemlər, “accelerated computing” və süni intellekt platformalaşması – seçilmiş inkişaf istiqamətinin qlobal texnoloji və biznes tendensiyaları ilə tam uyğunluq təşkil etdiyini göstərir.
“Bu səfər bir daha sübut etdi ki, “Azerconnect Group” yalnız texnologiyanı izləyən deyil, onu tətbiq edən və real dəyərə çevirən şirkətlərdən biridir. Bu istiqamətdə həm komanda daxilində kompetensiyaların artırılması, həm sertifikatlaşma, həm də praktiki təcrübənin genişləndirilməsi prioritet olaraq qalır”, – deyə Nihat Abdullayev əlavə edib.
Sonda N.Abdullayev vurğulayıb ki, beynəlxalq texnologiya tədbirlərində iştirak və qabaqcıl təcrübə ilə tanışlıq süni intellektin şirkətlərdə dayanıqlı tətbiqi baxımından mühüm əhəmiyyət daşıyır.
Müxbir - Pərvanə Qafarova