Fransada hantavirusla bağlı epidemioloji nəzarət gücləndirilib
Paris, 12 may, AZƏRTAC
Fransada hantavirusla bağlı narahatlıqların artdığı bir vaxtda ölkə mediası və səhiyyə qurumları ictimaiyyəti məlumatlandırmaq üçün xüsusi sual-cavab platformaları yaradıb. “MV Hondius” kruiz gəmisindən təxliyə olunan sərnişinlərin arasında 1 fransız qadının hantavirusa yoluxmasının təsdiqlənməsindən sonra Fransada epidemioloji nəzarət gücləndirilib.
AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, hazırda ölkə ərazisində 22 nəfərin yoluxmuş şəxslə təmasda olduğu ehtimal edilir və onların şəxsiyyətinin müyyənləşdirilməsi istiqamətində iş aparılır.
Fransanın səhiyyə naziri Stefani Rist bildirib ki, xəstə hazırda yoluxucu xəstəliklər üzrə ixtisaslaşmış xüsusi xəstəxanada müalicə olunur. Nazir qeyd edib ki, xəstəxanadakı qoruyucu sistemlər virusun yayılmasının qarşısını almaq üçün yüksək təhlükəsizlik standartlarına uyğun qurulub.
Fransa hökuməti yeni sanitariya protokolunu da ictimaiyyətə təqdim edib. Qərara əsasən, təxliyə olunan şəxslər karantinə alınacaq, təmasda olmuş şəxslər isə ciddi tibbi nəzarətdə saxlanılacaqlar. Nazir Stefani Rist ölkənin həm cərrahi maskalar, həm FFP2 maskaları, həm də test və simptomatik müalicə vasitələri baxımından kifayət qədər ehtiyata malik olduğunu vurğulayıb.
Fransa Televiziyası isə “Sizə cavab veririk” adlı xüsusi layihə çərçivəsində vətəndaşların hantavirus, yoluxma riski, sanitariya tədbirləri və dövlətin böhran idarəçiliyi ilə bağlı suallarını qəbul etməyə başlayıb. Media qurumu bildirib ki, vətəndaşların göndərdiyi suallar jurnalistlər tərəfindən araşdırılacaq və lazım gəldikdə onlarla birbaşa əlaqə saxlanılacaq. Eyni zamanda, qeyd olunub ki, heç bir məlumat və ya şəxsi ifadə vətəndaşın açıq razılığı olmadan yayımlanmayacaq və anonimlik qorunacaq.
Qeyd edək ki, virusun yayıldığı ocaq Cənubi Amerikadan Kabo-Verdeyə doğru hərəkət edən “MV Hondius” kruiz gəmisində aşkarlanıb. İndiyədək virus səbəbindən 3 nəfərin həyatını itirdiyi bildirilir. Ölənlər arasında yaşı 70-i keçmiş 2 niderlandlı sərnişin və 1 alman turist var.