Serbiyada Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb
Bakı, 12 may, AZƏRTAC
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Azərbaycanın Serbiyadakı səfirliyi tərəfindən Belqradda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə səfirliyin əməkdaşları və “AzVirt” şirkətinin nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları Belqrad şəhərindəki Taşmaydan parkına gələrək Ümummilli Liderin burada ucaldılmış abidəsini ziyarət edib, əziz xatirəsini ehtiramla yad edib, önünə əklil, gül dəstələri düzüblər. Daha sonra parkda ucaldılmış tanınmış serb yazıçısı Milorad Paviçin heykəlini və 1999-cu ildə Belqradın bombalanması zamanı həlak olmuş uşaqların xatirəsinə ucaldılmış “Biz sadəcə uşaqlar idik” abidəsi ziyarət edilib, hər iki abidənin önünə gül dəstələri düzülüb.
Sonra tədbir iştirakçıları Azərbaycanın Serbiyadakı səfirliyinin həyətində Ümummilli Liderin büstü önünə əklil qoyublar.
Tədbirdə çıxış edən səfir Kamil Xasiyev Ulu öndər Heydər Əliyevin həyatı, fəaliyyəti, Azərbaycanın müstəqilliyinin xilasında, möhkəmləndirilməsində, ölkəmizdə sabitliyin bərqərar olunmasında xidmətlərindən bəhs edib.