Qazaxıstanda reaktiv qumbaraatan və azı 60 silah müsadirə olunub
Astana, 12 may, AZƏRTAC
Qazaxıstanda əməliyyat-axtarış tədbirləri zamanı 63 silah, o cümlədən “RShG-2” reaktiv qumbaraatan, həmçinin dörd qumbara, 188 patron və 346,5 kiloqram sənaye partlayıcı maddəsi müsadirə edilib.
AZƏRTAC Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin məlumatına istinadla xəbər verir ki, qanunsuz silah dövriyyəsinin qarşısının alınması tədbirləri bu ilin aprel ayında MTK tərəfindən polis orqanları ilə birlikdə Almatı, Şımkent və bir neçə bölgədəki prokurorluqlar ilə koordinasiya şəraitində həyata keçirilib.
Müsadirə edilən 63 silah arasında dörd “Kalaşnikov” avtomatı, 38 ov tüfəngi, 20 tapança və reaktiv qumbaraatan var. Şərqi Qazaxıstan vilayətində 346,5 kiloqram ağırlığında sənaye partlayıcı maddə aşkar edilərək müsadirə olunub.
Bu hallarla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.