Bakıda özbək ədəbiyyatına dair mühüm tədqiqat əsəri nəşr olunub
Bakı, 11 may, AZƏRTAC
Azərbaycan və Özbəkistan arasındakı ədəbi-mədəni əlaqələrin inkişafı kontekstində Bakıda mühüm bir elmi nəşr – Termiz Dövlət Universitetinin prorektoru, filologiya üzrə fəlsəfə doktoru, dosenti Obidjon Şəfiyevin “Göy gurultusu altında gəzinti” romanında zaman dramatizmi” adlı monoqrafiyası işıq üzü görüb. Bu nəşrin ən mühüm xüsusiyyəti onun Azərbaycan və özbək dillərində təqdim edilməsidir.
AZƏRTAC xəbər verir ki, monoqrafiya müasir özbək nəsrinin görkəmli nümayəndəsi, Özbəkistan Xalq yazıçısı Erkin Əzəmin “Göy gurultusu altında gəzinti” (özbəkcə: “Momaqaldiroq ostida sayr”) romanının dərin filoloji və fəlsəfi təhlilinə həsr olunub. Müəllif Obidjon Şəfiyev əsəri “acı realizm” nümunəsi kimi xarakterizə edərək, orada əks olunan keçid dövrünün mənəvi simasını, sosial-siyasi ziddiyyətləri və insan taleyinin mürəkkəbliyini elmi süzgəcdən keçirir.
Tədqiqatda romanın mərkəzi rəmzi olan “Göy gurultusu”nun insan və zaman, şəxsiyyət və hökm qarşısındakı acizlik metaforası kimi rolu geniş izah olunur. Əsərin mərkəzi qəhrəmanları olan İskəndər, Ayrövşən və Qeyrətin taleləri vasitəsilə bütöv bir nəslin ruhi mənzərəsi, arzu və reallıq arasındakı konfliktlər tədqiq edilir. Müəllif romanın mozaik və polifonik (çoxsəslilik) quruluşunu müasir insan zehninin parçalanmış təbiəti ilə əlaqələndirərək təhlil edir.
2026-cı ildə “Füyuzat” nəşriyyatında çap olunan bu 88 səhifəlik risalə həm peşəkar tədqiqatçılar və magistrantlar, həm də müasir Türk dünyası ədəbiyyatı ilə maraqlanan geniş oxucu kütləsi üçün dəyərli bir mənbədir.
Bu nəşr Azərbaycan oxucusuna özbək ədəbiyyatının fəlsəfi dərinliyini daha yaxından tanıtdırmaqla yanaşı, hər iki ölkənin akademik dairələri arasında elmi dialoqun güclənməsinə xidmət edir.
Kitabın hər iki dildə təqdim olunması Azərbaycan və Özbəkistanın elmi dairələri arasında birbaşa dialoq imkanı yaradır. Oxucular həm tədqiqatçının fikirlərini özbək dilindəki orijinal mətndə izləyə, həm də Atilla Süleymanlının peşəkar Azərbaycan dilinə tərcüməsi ilə tanış ola bilərlər. Bu format dilçilər, tərcüməçilər və türkoloqlar üçün müqayisəli təhlil aparmaq baxımından əvəzsiz vəsaitdir.
Kitabın Azərbaycan dilinə tərcüməçisi Termiz Dövlət Universitetinin doktorantı Atilla Süleymanlıdır. Nəşrin redaktoru tanınmış özbək ədəbiyyatşünası Akif Azalp, elmi rəyçiləri AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, professor Eşqanə Babayeva və Bakı Dövlət Universitetinin dekanı, dosent Ələmdar Cabbarlıdır. 88 səhifəlik bu nəşr "Füyuzat" nəşriyyatı tərəfindən 2026-cı ilin poliqrafik yenilikləri ilə çap edilib.
“Göy gurultusu altında gəzinti” romanında zaman dramatizmi” kitabı təkcə bir romanın təhlili deyil, həm də Türk xalqlarının ortaq mənəvi dəyərlərinin və ədəbi düşüncəsinin vəhdətini nümayiş etdirən bir rəmzdir.