CƏMİYYƏT
Füzuli rayonunun Kərimbəyli kəndində raketin motor hissəsi aşkarlanıb
Bakı, 21 yanvar, AZƏRTAC
Yanvarın 21-də saat 09:38-də Daxili İşlər Nazirliyinin 102 - Zəng Mərkəzi Xidmətindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Füzuli rayonunun Kərimbəyli kəndində mərminin tapılması barədə məlumat daxil olub.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, məlumata əsasən agentliyin mobil əməliyyat qrupunun və Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Ərazidə bir ev və həyətyanı sahəyə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən əhatəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 122 millimetrlik 9M22U raketinin motor hissəsi aşkarlanıb. O, götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Raketin motor hissəsinin tapıldığı yerin ətrafında 400 kvadratmetr əraziyə baxış keçirilib, heç bir təhlükəli əşya və qurğu aşkarlanmayıb.