İğdırda Heydər Əliyev adına liseydə Ümummilli Liderin xatirəsi anılıb
Ankara, 14 may, AZƏRTAC
Mayın 13-də Türkiyənin İğdır şəhərindəki Heydər Əliyev adına liseydə Azərbaycan xalqının Ümummilli Liderinin xatirəsinə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, dahi dövlət xadiminin anadan olmasının 103-cü ildönümünə həsr edilən tədbir lisey rəhbərliyi və Türkiyə-Azərbaycan Dostluq Cəmiyyətləri Federasiyasının (TADDEF) nəzdində fəaliyyət göstərən “İğdır Azərbaycan Evi” cəmiyyəti tərəfindən təşkil olunub.
Liseyin müəllim və şagirdlərinin hazırladığı proqram çərçivəsində iştirakçılara Heydər Əliyevin Azərbaycanın xilası və möhkəmlənməsində oynadığı tarixi rol barədə məlumat verilib.
Lisey şagirdləri Azərbaycan dövlətçiliyinin memarı haqqında şeirlər və inşalar səsləndiriblər.
Tədbirdə çıxış edən “İğdır Azərbaycan Evi” cəmiyyətinin rəhbəri, TADDEF sədrinin müavini Sərdar Ünsal böyük dövlət xadiminin taleyüklü rolundan, Azərbaycanın inkişafına və Türk dünyasında əlaqələrin möhkəmlənməsinə verdiyi töhfələrdən danışıb.
O qeyd edib ki, Heydər Əliyev öz ölkəsinin əsl vətənpərvəri, Türk dünyasının böyük lideri olub: “Ümummilli Lider Azərbaycanın müstəqilliyinin rəmzlərindən biri olub və olaraq da qalacaq. Qardaş ölkənin nailiyyətləri onun siyasi kursu ilə ayrılmaz şəkildə bağlıdır”.
TADDEF sədrinin müavini Heydər Əliyevlə Mustafa Kamal Atatürk arasında paralellər apararaq vurğulayıb ki, hər iki lider öz ölkəsinin azadlığını və dövlətçiliyini qoruyub. “Heydər Əliyevin siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevdir. O, Böyük Liderin vəsiyyətini yerinə yetirərək doğma Qarabağı işğaldan azad edib”, – deyə Sərdar Ünsal qeyd edib.
Liseyin direktoru Yavuz Bağcının fikrincə, Heydər Əliyevin siyasi iradəsi, uzaqgörənliyi və təcrübəsi respublika üçün mürəkkəb dövrdə Azərbaycanın dövlətçiliyinin qorunub saxlanmasına imkan verib.
Direktor Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisini nümunə göstərərək bildirib ki, layihənin həyata keçirilməsi Türkiyə ilə Azərbaycan arasında qardaşlıq bağlarını daha da möhkəmləndirib. “Bu gün mən Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edirəm”, – deyə Y.Bağcı bildirib və Azərbaycanın Ümummilli Liderinin adını daşıyan liseyə rəhbərlik etməkdən qürur duyduğunu vurğulayıb.