Fransada işsizlik son beş ilin ən yüksək səviyyəsinə çatıb
Paris, 14 may, AZƏRTAC
Fransada işsizlik səviyyəsi 2026-cı ilin birinci rübündə son beş ilin ən yüksək həddinə yüksəlib.
AZƏRTAC xbər verir ki, Statistika və İqtisadi Tədqiqatlar Milli İnstitutu (INSEE) tərəfindən yayımlanan son məlumatlara əsasən, ölkədə işsizlik səviyyəsi əvvəlki rüblə müqayisədə 0,2 faiz bəndi, illik müqayisədə isə 0,7 faiz bəndi artaraq 8,1 faizə çatıb.
Beynəlxalq Əmək Təşkilatının meyarlarına əsasən işsiz sayılan şəxslər müəyyən bir həftə ərzində işsiz olan, iki həftə ərzində işə başlamağa hazır vəziyyətdə olan və son dörd həftə ərzində aktiv şəkildə iş axtaran və ya yaxın üç ay ərzində başlayacaq iş tapan şəxslər hesab edilir.
Məlumatlara görə, 2026-cı ilin ilk rübündə Fransada bu kateqoriyaya daxil olan insanların sayı 2,6 milyona çatıb. Bu isə əvvəlki rüblə müqayisədə 68 min nəfər artım deməkdir.
İşsizlik bütün yaş qruplarında yüksəliş göstərib. Ən ciddi artım 15-24 yaş arası gənclər arasında qeydə alınıb. Bu yaş kateqoriyasında işsizlik səviyyəsi iki faiz bəndi artaraq 21,1 faizə çatıb.
25-49 yaş arası əhali arasında işsizlik 0,4 faiz bəndi artaraq 7,3 faiz olub. 50 yaşdan yuxarı şəxslər arasında isə göstərici 5,2 faizə yüksəlib.
INSEE-nin hesabatında gender fərqlərinə də diqqət çəkilib. Qadınlar arasında işsizlik səviyyəsi demək olar ki, dəyişməyərək 7,7 faiz səviyyəsində qalıb. Kişilər arasında isə göstərici 0,3 faiz bəndi artaraq 8,5 faizə yüksəlib ki, bu da 2021-ci ilin ilk rübündən bəri ən yüksək səviyyə hesab olunur.
Uzunmüddətli işsizlik də artım nümayiş etdirib. Ən azı bir il ərzində işsiz olan şəxslərin payı aktiv əhalinin 2 faizini təşkil edib ki, bu da əvvəlki dövrlə müqayisədə 0,2 faiz bəndi çoxdur.
Mütəxəssislər işsizlik səviyyəsindəki artımı iqtisadi artımın zəifləməsi, istehlakın azalması və beynəlxalq iqtisadi qeyri-müəyyənliklərlə əlaqələndirirlər. Fransa hökumətinin qarşıdakı aylarda məşğulluq siyasəti ilə bağlı yeni tədbirlər paketi açıqlayacağı gözlənilir.