Məsud Alısoy: 9-cu “ANİMAFİLM” zəngin proqramı ilə seçilir
Bakı, 13 may, AZƏRTAC
Əvvəlki təcrübələrə əsaslanaraq qeyd etmək olar ki, bu il keçirilən 9-cu “ANİMAFİLM” Beynəlxalq Animasiya Festivalı həm janr, həm də üslub baxımından daha zəngin proqramla seçilir. Festival çərçivəsində fərqli yanaşmaları və bədii həlləri ilə diqqət çəkən çoxsaylı animasiya filmləri nümayiş olunur. Xüsusilə qeyd etmək istərdim ki, “Grand Prix” kateqoriyasında dərin məzmunlu və fərqli yanaşmaları ilə seçilən animasiya filmləri təqdim olunur və festival ərzində izləyicilər bu işləri izləmək imkanı əldə edəcəklər.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında 9-cu “ANİMAFİLM” Beynəlxalq Animasiya Festivalının münsiflər heyətinin üzvü Məsud Alısoy söyləyib.
O bildirib ki, festival proqramı yüzlərlə film arasından əvvəlcə seçim komitəsi, daha sonra isə münsiflər heyəti tərəfindən aparılan dəyərləndirmə nəticəsində formalaşdırılıb.
M.Alısoy qeyd edib ki, bu festival Azərbaycan tamaşaçıları üçün mühüm imkan yaradır: “Bu, yalnız beynəlxalq festivallarda iştirak etmiş keyfiyyətli animasiya filmlərini izləmək baxımından deyil, eyni zamanda, qlobal animasiya trendlərinin necə formalaşdığını müşahidə etmək baxımından da mühüm əhəmiyyət daşıyır”.
Münsiflər heyətinin üzvünün fikrincə, auditoriya ilə interaktiv əlaqənin qurulması festival üçün xüsusi əhəmiyyət kəsb edir. O bildirib ki, bu prosesə həssas yanaşaraq filmlərdə insanı düşündürən və incəsənəti dəyərli edən əsas elementlərin ön plana çıxarılmasına çalışılıb.