Rövşən Məmmədli: Bədii filmlərlə yanaşı, cizgi filmlərində də uşaq səslərindən istifadə olunur
Bakı, 3 sentyabr, AZƏRTAC
Bədii filmlərlə yanaşı, cizgi filmlərində də uşaq səslərindən istifadə olunur. “Maşa və Ayı” cizgi filmində hətta musiqi parçalarını da uşaqlar oxuyub.
Bunu AZƏRTAC-a açıqlamasında dublyaj aktyoru və prodüser Rövşən Məmmədli deyib.
Onun sözlərinə görə, əsasən xüsusi sifarişlər zamanı qarşı tərəfin tələbinə uyğun olaraq müəyyən yaş kateqoriyasına aid uşaqlar dublyaja dəvət edilir. “Məsələn, obrazın 8 və ya 10 yaşlı uşaq tərəfindən səsləndirilməsi tələb olunursa, həmin yaş qrupuna uyğun uşaq-aktyor seçilir. Seçim zamanı əsas meyar uşağın səsinin obraza uyğun gəlməsi, sözləri aydın və düzgün tələffüz etməsi, eləcə də bəzi səslərin, o cümlədən “r” hərfinin düzgün ifadə olunmasıdır. Azərbaycan və rus bölmələrində uşaqların tələffüzündə fərqli xüsusiyyətlər nəzərə alınır və sözlərin, səslərin təmiz ifadə olunmasına xüsusi diqqət yetirilir. Layihələrdən birində kiçik yaşlı uşaq-aktyor “keçi” sözünü “çeçi” kimi tələffüz etmişdi. Bu, obraz üçün xüsusi şirinlik yaratmışdı. Ekran əsərinin təqdimatı zamanı tamaşaçılar da bu ifadəni böyük maraqla qarşılamışdılar”, - deyə R.Məmmədli əlavə edib.