Məcnun Məmmədov: Fermerlərə əkinlə bağlı mərhələli şəkildə tövsiyələrin verilməsi mexanizmi üzərində çalışırıq
Bakı, 24 sentyabr, AZƏRTAC
Fermerlərin bir il qiyməti yüksək olan məhsulun əkininə növbəti il üstünlük verməsi təkcə Azərbaycanda deyil, dünyada müşahidə olunur. Belə halların qarşısını almaq üçün fermerlərin məlumatlılığını artırmaq vacibdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri kənd təsərrüfatı naziri Məcnun Məmmədov jurnalistlərə açıqlamasında deyib.
Nazir qeyd edib ki, Kənd Təsərrüfatı Nazirliyi və Dövlət Statistika Komitəsi hər il məhsullar üzrə əkin sahələrinə dair məlumatları açıqlayır. Fermerlər bu göstəriciləri və əvvəlki illərin meyillərini nəzərə alaraq növbəti əkinlə bağlı qərar verə bilərlər.
“Biz rəqəmsallaşdırma və süni intellekt layihələri çərçivəsində fermerlərə əkinlə bağlı mərhələli şəkildə tövsiyələrin verilməsi mexanizmi üzərində çalışırıq. İlk mərhələdə fermer əkinə başlamazdan əvvəl həmin məhsul üzrə nə qədər sahənin bəyan edildiyi barədə məlumat alacaq və qərarını özü verəcək. Bu mexanizmi işə saldıqdan sonra, fermerlər bu mexanizmə alışdıqdan sonra, təxminən bir-iki il ərzində subsidiya ilə bağlı icbari mexanizmə keçilməsi nəzərdə tutulur. Bu halda dövlət müəyyən məhsulun əkinini təyin edilmiş həddə qədər subsidiyalaşdıracaq, həmin həddi aşan əkinlərə isə subsidiya ayırmayacaq. Fermerlər bu sahələrdə məhsul əkib-əkməməyə özləri qərar verəcək”, - deyə o qeyd edib.
Foto - Səfiyar Məcnun