Agentlik sədri: Yerli toxum istehsalının inkişaf etdirilməsi xüsusi əhəmiyyət daşıyır
Bakı, 24 sentyabr, AZƏRTAC
Keyfiyyətli və sağlam toxum yüksək məhsuldarlığın, davamlı bitkiçiliyin, ərzaq təhlükəsizliyinin və bütövlükdə ölkənin aqrar dayanıqlığının əsas şərtlərindən biridir. Buna görə də yerli toxum istehsalının inkişaf etdirilməsi, keyfiyyət və sağlamlıq göstəricilərinin təmin olunması, həmçinin etibarlı təchizat sisteminin formalaşdırılması xüsusi əhəmiyyət daşıyır.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli "Toxumçuluqda yeni dövr: Yerli toxum, etibarlı təminat" adlı konfransda çıxış edərkən deyib.
O bildirib ki, müasir dövrdə məhsulun keyfiyyəti ilə yanaşı, onun fitosanitar sağlamlığı da ön plana çıxır: "Toxum və əkin materialları ölkələr arasında hərəkət edən zaman yalnız məhsul deyil, eyni zamanda, bitki xəstəliklərinin, zərərvericilərin və digər karantin tətbiq edilən zərərli orqanizmlərin yayılması üçün potensial mənbə ola bilər. Agentlik olaraq, bizim bu sahədə əsas məqsədimiz ölkə ərazisinin bitki sağlamlığı üçün təhlükə yarada biləcək zərərli orqanizmlərdən qorumaq, idxal olunan toxum və əkin materiallarının müəyyən edilmiş fitosanitar tələblərə uyğunluğunu təmin etmək, eyni zamanda, yerli məhsulların beynəlxalq bazarlara çıxış imkanlarını genişləndirməkdir. Bu sahədə hüquqi bazanın inkişafı da qarşıda duran prioritet vəzifələrimizdəndir".
Fotoqraf - Səfiyar Məcnun