Xüsusi tapşırıqlar üzrə səfir: Cənubi Qafqazda münaqişə gündəliyini sülh gündəliyi əvəz edir
Bakı, 4 sentyabr, AZƏRTAC
Cənubi Qafqazda artıq münaqişə yoxdur və hazırda sülh gündəliyi ön plandadır. Vətəndaş cəmiyyətləri arasında birbaşa təmasların və görüşlərin keçirilməsi daha müsbət tendensiyadır.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Avropa-Azərbaycan münasibətləri: Tarixi təcrübənin dəyərləndirilməsi və gələcək əməkdaşlıq istiqamətləri” mövzusunda keçirilən dəyirmi masada Xarici İşlər Nazirliyinin Xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov deyib.
“Bu istiqamətdə təşkil olunan tədbirlərdən bir neçəsində iştirak etmək imkanım olub və şahidlik edə bilərəm ki, hazırda tamamilə fərqli gündəlik müzakirə olunur. Beləliklə, münaqişə ilə bağlı əvvəlki yanaşma öz yerini sülh gündəliyinə verir. Eyni zamanda, iqtisadi təmasların qurulması, nəqliyyat əlaqələrinin bərpası və iqtisadi münasibətlərin inkişaf etdirilməsi kimi konkret addımlar da sülh prosesinin mühüm tərkib hissəsidir. Bütün bunlar, əlbəttə ki, hər iki ölkənin liderlərinin siyasi iradəsi ilə dəstəklənir”, - deyə XİN-in Xüsusi tapşırıqlar üzrə səfiri bildirib.
O qeyd edib ki, bu müsbət dəyişikliyin digər tərəfini də nəzərə almaq lazımdır. Qarşıda hələ də müəyyən çətinliklər və çağırışlar qalır. Söhbət yalnız sülh prosesinə mane olan amillərdən getmir. Təəssüf ki, sülh prosesini pozmağa yönəlmiş məqsədyönlü səylər də mövcuddur. Bəzən belə səylər “Avropa geyimində” təqdim olunur. Buna görə də bu məsələlərə diqqətlə yanaşmaq, onların mahiyyətini düzgün qiymətləndirmək və sülh prosesinin qarşısında yeni maneələrin yaradılmasına imkan verməmək vacibdir.